Müəllim sənəti müqəddəs sənətdir
29-03-2024, 14:31
21

Müəllim sənəti müqəddəs sənətdir

Müəllim ən gözəl varlıq, biliklər öyrənməkdə insana kömək edən, adı hər kəs üçün əziz olan əvəzedilməz şəxsdir. Hamının müəllimi olur, onun hər kəsə öyrətdiyi bilik, hətta hər cür ibadətdən üstün sayılır. Elə, bunlara görədir ki, zaman-zaman müəllim haqqında müdrik sözlər və gözəl kəlamlar deyilib. İnsanı kamilliyə çatdırmaq məqsədi güdən bu sənət haqqında, hətta dahilər də belə deyiblər ki, bütün sənət və peşələrin içərisində ən şərəflisidir. Bu yerdə, xüsusi olaraq onu vurğulamaq istəyirəm ki, valideynlərimiz bizi göydən yerə endirsələr də, gözəl müəllimlərimiz yerdən göyə qaldırıblar. Bir də ki, millətin gələcək taleyi, hər mənada, cəmiyyətdə çox böyük rol oynayan müəllimin əlindədir. Hər kəsə düz yol göstərən, onun yaxşı yaşaması və mükəmməl insan olması üçün, ona stimul verən də, müəllim sayılır. O, təkcə özünün deyil, həm də, hər bir şagirdinin sevinc, kədər və problem dolu taleyini onunla birgə yaşayır, bütün ömrünü şagirdləriylə bölüşür. Beləcə, gözünün nurunu, ürəyinin sevgisini, illərinin zəhmətini şagirdlərinə bəxş edir.

Bu yazımda onlardan biri — daim özümüzə doğma bildiyimiz, sevimli və dəyərli olan Balakən şəhərində məktəb direktoru işləmiş, indi isə təqaüdə çıxmış Nəbiyev Abakar Məhəmməd oğludur. Bu gün Abakar müəllim barəsində, danışmaq istəyirik. Şagird və müəllim kollektivinin ona olan sonsuz sevgi və məhəbbətinin ifadəsi onun necə bir rəhbər olduğunu açıq aydın göstərir. O, özünü elm aləminə yaxşıların ən yaxşısı kimi tanıtmağı bacaran, daha çox bütün həmkarlarının, şagirdlərinin, dost-tanışlarının yaddaşlarında gözəl insan kimi özünə yer edən və fəxrimiz olan Nəbiyev Abakar Məhəmməd oğludur. 

Doğrudan da, ömrünün yarıdan çoxunu öz sevimli peşəsinə həsr edən və bütün cəhətlərdən nümunə olaraq göstərilən Abakar müəllimin nüfuzu bütün dönəmlərdə lap yüksəklərdə olub. Möhkəm və tükənməz enerjili bu insanda yüksək bilik, bacarıq, istedad, səbr və iradə görmüşük.

Abakar müəllim biz sizin kimi müəllimlərlə qürur duyuruq! Üzünüzdən, çəkdiyiniz zəhmətin bəhrəsindən doğan və heç vaxt əskik olmayan təbəssüm, xoşbəxtlik də, bunu deməklə, bizi dəstəkləyir!

Oxşar xəbərlər