Qarabağda tapılan insan qalıqlarının kimliyi necə araşdırılır…
19-10-2022, 12:42
122

Qarabağda tapılan insan qalıqlarının kimliyi necə araşdırılır…

Qarabağda tapılan insan qalıqlarının kimliyi necə araşdırılır…
44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizdə müxtəlif vaxtlarda çox sayda insan qalıqları aşkar edilib. Son məlumatlara əsasən, Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqların araşdırılması davam etdirilir.
 
Bundan öncə Edillidə aşkarlanmış kütləvi məzarlıqlarda 12 nəfərin cəsəd qalıqları tapılaraq rəsmi qurumlara təhvil verilib. Ümumilikdə isə indiyədək 25 nəfərin meyit qalıqları götürülüb. İşğaldan azad olunmuş digər ərazilərdə də gizli məzarlıqların olması istisna edilmir, hazırda onların yerlərinin müəyyən edilməsi istiqamətində işlər aparılır.
 
Bəs, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlıya aid olduğu iddia edilən qalıqların ekspertizası necə aparılır? Bununla əlaqədar prosedur qaydaları nədən ibarətdir?
 
Mövzu ilə bağlı  danışan Demokratiya və insan hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə qeyd edib ki, Qarabağda kütləvi məzarlıqların aşkar ediləcəyi məlum məsələ idi:
 
“Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 15 il üzvü olmuşam, bu müddət ərzində görülən işlərdə yaxından iştirak etmişəm. Əvvəla onu qeyd edim ki, komissiyada 3890 nəfər itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımızla bağlı dəqiq məlumatlar var. Onların böyük əksəriyyəti hərbçilər və mülki şəxslərdir. Aralarında qadınlar, qocalar, uşaqlar da olub. Komissiyada olan məlumatlara görə, bu şəxslərin böyük əksəriyyətinə əsir götürüldükdən sonra işgəncə verilib, müxtəlif ağır işlərdə işlədilib, sonra isə güllələnib. Edillidə tapılmış əsgərlərimizin qalıqları da sübut edir ki, onlar sağ ikən işgəncələr altında güllənləniblər. Hazırda qalıqların axtarışı davam edir. Tapılan insan sümüklərinin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi ilə məhz Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məşğul olur”.
 

Çingiz Qənizadənin sözlərinə görə, Birinci Qarabağ müharibəsindən sonra adıçəkilən Komissiya yaradılarkən, onun qarşısına öhdəlik qoyulmuşdu ki, əsir və itkin düşən şəxslərin siyahısı dəqiqləşdirilsin:
 
“Həmçinin, komissiya onların ailələrindən və yaxın qohumlarından, yəni ata-ana, övladlarından müəyyən analizlər götürüb arxivləşdirməli idi. Demək olar, itkin düşən şəxslərin böyük əksəriyyətinin DNK analizləri götürülmüşdü. İndi tapılan qalıqların arxivdə yerləşdirilmiş məlumatlarla uyğunluğu aparılır, bu xətlə qalıqların kimə məxsus olduğu aydınlaşır. Bu, bir qədər çətin prosesdir. Ailələrin bəziləri o zamanlar analizləri verməkdən yayınıblar, ya da yaxın qohumları həyatda olmayıb. Yenə də hesab edirəm ki, komissiya kifayət qədər məlumat toplaya bilib. Tapılan qalıqların kimə məxsus olduğunu, şəxsiyyətini müəyyən etmək üçün imkanlar var. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu vəzifənin öhdəsindən layiqincə gələcək”.

Oxşar xəbərlər