Xocalı soyqırımı - xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsi
25-02-2025, 16:00
101

Xocalı soyqırımı - xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsi

Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə yetirilməsi planı qabaqcadan hazırlanmışdı. Ümummilli Lider Lider Heydər Əliyev qeyd edirdi: "...1992-ci il fevralın 26-da qədim Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi bu faciələrin ən dəhşətlisi oldu. Erməni hərbi birləşmələri 366-cı motoatıcı alayı ilə birlikdə qadınlara, uşaqlara, qocalara aman vermədən yüzlərlə insanı xüsusi vəhşiliklə qətlə yetirdi, onları hərb tarixində analoqu olmayan işgəncə verməklə öldürdü, təhqirlərə məruz qoydu. Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaq".

1991-ci ilin sonunda və 1992-ci ilin əvvəlində Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşir və 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olunmuş, fevralın ortalarında Qaradağlı kəndini, fevralın 17-də Xocavəndin Qaradağlı kəndini ələ keçirmişdilər. 30 oktyabr tarixində rayonla yerüstü əlaqə kəsilmiş, helikopter yeganə nəqliyyat vasitəsinə çevrilir. 1991-ci il sentyabrın 24-də Ağdamdan Xocalıya fəhlə gətirən avtobus Əsgəranda daşqalaq edildi. Hər gecə Xocalı "Alazan" və "Kristall" raket qurğularından atəşə tutulurdu.

1992-ci il yanvarın 28-də "Azərbaycana məxsus Mİ-8 markalı mülki helikopter Dağlıq Qarabağ səmasında erməni hərbi birləşmələri tərəfindən vurulmuş, helikopterin sərnişinləri olan 47 azərbaycanlı həlak olmuşdu. Bundan sonra şəhərlə hava əlaqəsi də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilməsinin qarşısı alınmışdı. Şəhəri yalnız atıcı silahları olan yerli özünümüdafiə dəstələri qoruyurdular.

1992-ci ilin yanvarından etibarən şəhərə elektrik təchizatı kəsilmişdi. Fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə alır.

Güclü artilleriya atəşlərindən sonra erməni hərbi birləşmələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeritmiş, ilk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələrini dağıtmış, keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törəmişlər. Piyada dəstələr şəhərə fevralın 26-sı gecə saat 01:00-04:00 arası girmişdirlər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, insanları diri-diri torpağa basdırıb və ya yandırıb, meyitlərin bir qismini minalayıblar. Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb.

Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti (1992 may - 1993 iyun) dövründə davam edən yeni hakimiyyət çəkişmələri zamanı 1992-ci ilin mayında erməni hərbi birləşmələri Şuşanı ələ keçirir, daha sonra Laçın rayonu, 1993-cü ildə Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal edirlər.

Müharibədə 20 min azərbaycanlı şəhid olmuş, 100 min nəfər yaralanmış, 50 min nəfər əlil olmuşdu. Qaçqın və köçkünlərin sayı milyonu keçmişdi. Erməni işğalçıları tərəfindən 4.861 nəfər azərbaycanlı, o cümlədən 314 qadın, 58 uşaq və 255 qoca əsir və girov götürülmüşdü.


Əlövsət Yusubov
Şəki Dəmir yol sahəsinin rəisi 







Oxşar xəbərlər