
Dünya / Cəmiyyət
Dünən, 14:03
672
Almaniyada rekord isti: 5 mindən çox ölən var
Almaniyada iyun ayında qeydə alınan güclü isti hava dalğası minlərlə insanın ölümünə səbəb olub.
Məlumata görə, ölkənin ictimai səhiyyə sahəsində fəaliyyət göstərən Robert Kox İnstitutunun açıqladığı statistikada isti hava ilə əlaqələndirilən ölüm hallarının sayı 5120 nəfər göstərilib.
Mütəxəssislər bildirirlər ki, ölüm hallarının böyük hissəsi yüksək temperaturun yaratdığı fəsadlar və mövcud xəstəliklərin ağırlaşması nəticəsində baş verib.
Ən çox itki yaşlı əhali arasında qeydə alınıb. Belə ki, 85 yaşdan yuxarı 2950 nəfər həyatını itirib. Digər yaş qruplarında isə 75-84 yaş arasında 1320, 65-74 yaş arasında 550, 65 yaşdan aşağı şəxslər arasında isə 300 ölüm halı qeydə alınıb.
Almaniya Meteorologiya Xidməti yaxın günlərdə temperaturun yenidən yüksələcəyini açıqlayıb. Proqnozlara görə, həftəsonu ölkənin cənub bölgələrində hava temperaturu 34-36 dərəcəyədək yüksələ bilər.





