
Ölkə / Cəmiyyət
Dünən, 18:48
582
Yay yağışı göründüyü qədər təhlükəsiz deyil: Bu xəstəliklərə yol aça bilər
Yay yağışı havanı sərinləşdirsə də, sağlamlıq üçün ciddi risklər yarada bilər. Güclü leysan və subasmalar infeksiyaların yayılma ehtimalını artırır.
Bu barədə həkim Sergey Simbirtsev "News.ru"ya danışıb.
Onun sözlərinə görə, yağışlı havalarda leptospiroz və bağırsaq infeksiyalarına yoluxma riski yüksəlir. Leptospiroz gəmiricilərin sidiyi ilə çirklənmiş su, nəm torpaq və ya bitkilərlə təmas zamanı dəri və selikli qişalar vasitəsilə keçən bakterial infeksiyadır.
Mütəxəssis əlavə edib ki, güclü küləklə müşayiət olunan ildırımlı hava da xüsusilə allergiya və astma xəstələri üçün təhlükəlidir. Belə şəraitdə havadakı tozcuqlar xırda allergen hissəciklərinə çevrilərək tənəffüs yollarına daha dərindən nüfuz edir və tutmaları tətikləyə bilər.
Bundan başqa, yağış altında islanmaq havanın temperaturu 4-10 dərəcədən yuxarı olsa belə, orqanizmin həddindən artıq soyumasına səbəb ola bilər. Yaş paltar bədənin istiliyini daha sürətlə itirməsinə gətirib çıxarır.
Mütəxəssis leysandan sonra yolların sürüşkən olduğunu da xatırladaraq, bu səbəbdən yol-nəqliyyat hadisələri və yıxılma riskinin artdığını vurğulayıb.




