
Dünya / Siyasət
Bu gün, 11:30
599
Yunanıstanın Türkiyəyə qarşı 3,5 milyardlıq planı: 2030-cu ildə hazır olacaq
Yunanıstan 2030-cu ilə qədər silahlı qüvvələrini tamamilə modernləşdirməyi planlaşdırır.
İsrailin “Maariv” nəşrinə görə, bu genişmiqyaslı müdafiə proqramının əsas hədəflərindən biri Türkiyənin artan regional hərbi gücünə qarşı strateji tarazlıq yaratmaqdır.
Nəşr Yunanıstanın təxminən 3,5 milyard avro dəyərində “Axilles Qalxanı” hava hücumundan müdafiə sistemi quracağını yazıb. Çoxqatlı müdafiə şəbəkəsi kamikadze dronlar, qanadlı və ballistik raketlər, eləcə də döyüş təyyarələri daxil olmaqla müxtəlif hava təhdidlərinə qarşı istifadə olunacaq.
Plan çərçivəsində sovet dövründən qalma “OSA-AK” və “TOR M1” sistemlərinin İsrail istehsalı “SPYDER” kompleksi ilə əvəzlənməsi, “HAWK” sistemlərinin isə “Barak MX” ilə dəstəklənməsi nəzərdə tutulur. Ballistik raketlərə qarşı müdafiənin ən yüksək qatında isə “Davud sapandı” sisteminin “SkyCeptor” konfiqurasiyasına əsaslanan həll tətbiq ediləcək.
Məlumata görə, sistemin idarəetmə proqram təminatı tamamilə Yunanıstanın nəzarətində olacaq və İsrailin sistemə kənardan müdaxiləsinə icazə verilməyəcək. Layihənin təxminən 700 milyon avroluq hissəsini isə Yunanıstanın müdafiə sənayesi həyata keçirəcək.
İsrail mətbuatı bu genişmiqyaslı modernizasiya proqramını İsrail-Yunanıstan-GKRY müdafiə əməkdaşlığının yeni mərhələsi və Türkiyənin regional hərbi təsirini balanslaşdırmağa yönəlmiş addım kimi qiymətləndirib.




