
Dünya / Cəmiyyət
Dünən, 18:45
707
Yeni qaydalar qüvvəyə minir: Tamamilə qadağan edildi
Türkiyədə reklam sahəsində mühüm dəyişikliklər edilir.
Ticarət Nazirliyi tərəfindən Kommersiya Reklamı və Ədalətsiz Kommersiya Təcrübələri haqqında Əsasnaməyə edilən dəyişikliklər 1 avqustda qüvvəyə minəcək.
Yeni qaydalara əsasən, süni intellekt vasitəsilə hazırlanmış reklam məzmunlarında bu barədə istehlakçıya açıq məlumat verilməsi məcburi olacaq. Süni intellektlə yaradılan görüntü, səs və videoların reklam xarakteri daşıdığı aydın şəkildə bildirilməlidir.
Hədəfli reklamlarda da şəffaflıq tələbi artırılır. Reklam verənlər reklamların hansı meyarlara əsasən göstərildiyini və bu meyarların necə dəyişdirilə biləcəyini istehlakçılara açıqlamalı olacaq. Uşaqların şəxsi məlumatlarına əsaslanan hədəfli reklamlar isə tamamilə qadağan ediləcək.
Sosial media fenomenlərinin kommersiya əməkdaşlıqları zamanı paylaşımın reklam xarakteri açıq şəkildə göstərilməlidir. Bununla gizli reklamların qarşısının alınması hədəflənir.
Endirim kampaniyaları ilə bağlı da daha sərt qaydalar tətbiq olunacaq. Reklamlarda göstərilən endirim faizləri gerçək olmalı, istehlakçını yanıltmağa səbəb ola biləcək ifadələrdən istifadə edilməməlidir.
Bundan əlavə, falçı, medium və qanunsuz mərc oyunlarının reklamına qoyulan qadağa da genişləndirilib. Qanunsuz mərc oyunları, qumar oyunları və qanunsuz şans oyunlarının reklamı da qadağanın əhatə dairəsinə daxil edilib.



