Azərbaycan təhsilinin “şaftalı” PROBLEMİ
8-09-2022, 19:01
78

Azərbaycan təhsilinin “şaftalı” PROBLEMİ

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhər təhsil işçilərinin sentyabr konfransında çıxış edərək, bəzi müəllimlərdən şikayətini dilə gətirib. Təhsilverənlərin sertifikasiya imtahanlarının nəticələrindən danışan nazir bəzi müəllimlərin sözləri düzgün yazmadığını deyib. E.Əmrullayevin sözlərinə görə, hətta şaftalı sözünü düz yaza bilməyən müəllimlər də var:
 
"60 yaş üzəri olanlardan 68%-i uğur əldə edib. Müəllimlər daha çox sözlərdən hərflərin ardıcıllığı ilə bağlı 18 faiz səhv cavab verib. Bəzi müəllimlər şaftalını "şafdalı" kimi yazır".
 
Nazirin açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Müəllimlərin primitiv səhvə yol verərək, meyvə adını düzgün yaza bilməməsi haqda müxtəlif tənqidi fikirlər səsləndirilir. Bildirilir ki, belə səhvlər bəzi müəllimlərin savadsızlığından və məktəblərdəki təhsilin səviyyəsinin aşağı olmasından irəli gəlir.
 

Bununla bağlı danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, nazirin nöqsanları etiraf etməsi müsbət haldır:
 
“Göstərmək lazımdır ki, həqiqətən də, müəllimlərin arasında sözləri belə düzgün yaza bilməyənlər var. Belə məsələlərdə açıq danışılmasının zərəri yoxdur. Əksinə qapalı qalması problemdir. Məncə, səhvlərin ictimailəşməsi problemə diqqət çəkmək baxımdan faydalıdır”.
 
Deputat hesab edir ki, savadlı, üzərinə düşən vəzifəni yerinə yetirən müəllimlərlə yanaşı, hazırlıqsız müəllimlərin də olması pedaqoji təhsil sistemi ilə bağlıdır:
 
"Əlbəttə, bu durum lazımı səviyyədə yetkin müəllim hazırlaya bilmədiyimizi əyani şəkildə göstərir. Əslində, belə müəllimlərin fəaliyyət göstərməsi düzgün deyil. Ancaq nə etmək olar, reallıq budur. Məktəbləri belə müəllimlərlə doldurublar. İndi də onları təmizləmək sosial problem yaradacağına görə çətindir. Yenə də daha hazırlıqlı, savadlı müəllimlərin hazırlanmasına cəhd edilməlidir. Hərçənd ki, mənim buna ümidim azdır”.
 

Təhsil eksperti Elçin Əfəndi isə qeyd edib ki, məktəblərdə savadsız müəllimlərin olması faktı danılmazdır:
 
"Biz bu məsələlərlə bağlı hələ də primitiv formada fikirlər səsləndiririk. Ancaq bu gün Azərbaycanın orta ümumtəhsil müəssisələrində çalışıb, ibtidai məktəblərdə dərs deyib, riyazi hesablamaları apara bilməyən, informasiya texnologiyalarından geri qalan çox sayda müəllim var. Bu gün əsas məsələ həmin müəllimlərin indiyədək dərs deməsi deyil. Əsas iş bundan sonra o müəllimlərin dərs deməsinin qarşısının alınmasıdır. Çünki bu tip ibtidai sinif müəllimi 4 il ərzində 30 şagirdə dərs dedikdə, onlara yanlış məlumatlar vermiş olur. Şagirdlər də növbəti təhsil pillələrində məhz problem yaşayırlar”.

E.Əfəndi onu da vurğulayıb ki, müasir təhsil sistemini bilən, təhsil standartlarına cavab verən, informasiya texnologiyalarından anlayışı olan müəllimlərin prosesdə iştirakı vacibdir:

“Amma biz digər müəllimləri də silib ata bilmərik. Onlar vaxtı çatmasa belə, təqaüdə çıxarılmalı və hazırkı əmək haqları həmin şəxslərə ödənilməlidir. Bu şəkildə onları tədrisdən uzaqlaşdırmaq olar. Yaxud onlara müvafiq təlimlər keçilsə, müəyyən istiqamətlər üzrə bilik və bacarıqları formalaşdıra bilərlər".

Oxşar xəbərlər