Teatrsız bir il…
10-03-2021, 06:31
60

Teatrsız bir il…




Teatrsız bir il…
10 Mart Milli Teatr günüdür axı. Həmin günü bayram kimi qeyd edər, sevinər, Azərbaycan Teatrının dünəninə nəzər salıb, bugününü təhlil edərdik. Bir ildir ki, tamaşaçı teatr səhnəsinin üzünə həsrət qalıb. Planetimizin gözlənilməyən qonağı “Covid-19”-la tanışlıq heç də mədəniyyətimizə və xüsusən də canlı sənət növü olan teatrımıza müjdə gətirmədi.   Ötən il Martın 7-də keçmiş Mədəniyyət naziri Əbülfəs Qarayev koronavirus təhlükəsi ilə əlaqədar bütün müəssisələrin fəaliyyətinin dayandırılması barədə tapşırıq vermişdi. Təəssüf ki, həmin tapşırıq bir ildir ki, davam edir. Azərbaycan Teatr tarixində bu cür uzun fasilə isə heç zaman olmamışdı. Hətta dünya müharibəsi dövrlərində belə.
 
Sənət adamları isə  açıqlamasında vəziyyətin artıq dözülməz olduğunu vurğulayır.
 
 
Xalq artisti Bəsti Cəfərova qeyd edir ki, Azərbaycan teatrı bir mövsümü itirdi: “Məlum olduğu kimi artıq bir ildir ki, pandemiyaya  görə  Azərbaycan  teatrları  bağlıdır. Əlbəttə,  heç  bir  sənətçi  istəməzdi  ki,  öz  sevdiyi  işinə  bu  qədər  fasilə  versin.  Amma  bu  pandemiya  bəlası  bütün  dünyada  elə  bil qara  kabusa  dönüb. Hamı  kimi  mən  də  düşünürəm   ki,  sağlamlıq daha  önəmlidir.   
 
Ötən il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetində  tələbələrimlə  bərabər  maraqlı  bir  tamaşa üzərində  işləyirdim, həm  də  Akademik Milli  Dram  Teatrında   Eduardo  Filipponun  "Filumeno  de Marturano"  əsərinin  premyerasına  hazırlaşırdım. Pandemiyaya  görə  əvvəl   Universitetlər  bağlandı,  az  sonra  teatrlarda iş  dayandırıldı. Teatrımız tamaşaçılarla  ünsiyyəti  saxlamaq  üçün  onlayn rejimdə  repertuar  hazırlayıb,  tamaşalar   göstərməyə  başladı.  Universitetdə  dərslərimiz  düz  2  semestr  onlayn  rejimdə  keçirildi. Bilirsiniz,   tədris  etdiyim  “Aktyor  sənəti”  ünsiyyət,  tərəfi - müqabillə  qarşılıqlı  iş  tələb  edir, biz  müəllimlər çalışırdıq ki, tələbələrlə işimiz  maksimum dərəcədə effektiv olsun. Bu  yolda bir-birimizin təcrübəsindən də istifadə   edirdik. İndi isə fevralın 15-dən sənət  dərsləri  Universitetə  qayıdıb, əlbəttə  pandemiyada  tələb olunan bütün qaydalara riayət etməklə. Ümidvaram ki, tezliklə bu pandemiya bəlası  yox  olar, biz də  həyatımızı  qaldığı  yerdən  davam  etdirərik”.
 B.Cəfərova bu bir ildə Azərbaycan Teatrının  yeni  premyera, rejissor  işi, aktyor oyununun yoxluğundan bəhs etdi: “Həmişə  gərgin  iş  qrafikində  işləyən  aktyorlar  üçün  birdən-birə  evə  qapanmaq  çətindir, amma həyatda heç  gözləmədiyimiz  olaylar  da  olur, təki  sağlıq  olsun. Yaxşı  fikirləşək ki,  yaxşı  olsun. Qarşıdan 10  Mart  Milli  Teatr günü  gəlir, bu  münasibətlə  ilk  növbədə  həmkarlarımı  və  teatr  sahəsində  çalışan bütün   işçiləri  təbrik   edirəm. Arzu  edirəm  ki,  tezliklə  pandemiya  bəlası  üstümüzdən yox  olsun və teatrlarımız  yenidən fəaliyyətə başlasın. Səhnədə   görüşərik , inşallah”.
 
Xalq artisti Naibə Allahverdiyeva aradakı bu bir illik fasilənin sənətini sevən bir il aktyor üçün çətin olduğunu bildirdi: “Aktyor gərək daimi fəaliyyətdə, hər zaman formada olsun, paslanmasın. Bu bizdən asılı olmayan səbəblərdən qaynaqlanır. Bütün dünyada gedən prosesdir, biz isə özümüzü qoruyub, səbr etməliyik. 
Azərbaycan Teatrı bir il ərzində çox şeyləri, eyni zamanda bir çox sənət adamlarını itirdik. Uğurlu tamaşalar olacaqdı ki, onların bir çoxları yarımçıq qaldı. Amma əvəzində ötən il ölkəmiz üçün möhtəşəm il oldu. Müzəffər ordumuz torpaqlarımızı işğaldan azad etdi. Mənə elə gəlir ki, buna görə də 1 ili keçmək olar. Həmkarlarım kimi məndə səhnəyə çıxmaq, alqış sədaları eşitmək üçün çox darıxmışam. Tam əminliklə deyə bilərəm ki, tamaşaçılarımızda bizim üçün darıxır. Teatrlarımız fəaliyyətini bərpa etdikdən sonra   hər kəs sevə-sevə teatrlara gələcək. 10 mart Milli Teatr günü münasibəti ilə bütün həmkarlarımı, teatr xadimlərini səmimi qəlbdən təbrik edirəm. İnşallah, tez bir zamanda doğma evimiz olan teatrda görüşərik”.
 
Əməkdar artist Sonaxanım Mikayılova bir il ərzində aktyor və rejissorların çox şey itirdiyini, bu bir ili teatrımız üçün uğursuz kimi qiymətləndirdi: “Gərək aktyor hər zaman çalışsın, özünü inkişaf etdirsin. Doğrudur, biz evdə də üzərimizdə işləyirik, amma bununla iş bitmir. Bilirsiniz idmançı gərək daimi idman etsin ki, formada olsun. Aktyor da onun kimi, gərək dayanmasın. Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çalışıram. Tələbələr də teatra getməli, çalışmalı, öyrənməli, tamaşadan-tamaşaya fərqli obrazlar yaratmalıdır.
 Bu yaxınlarda rus aktyorla söhbət etdikdə bildirdi ki,  2 aydan bir yeni tamaşalar hazırlayır, premyeralar keçirirlər. Yəni pandemiya olsa da qonşu ölkələrində teatrları inkişaf edir, teatr yaşayır. Doğrudur, bu bizdən asılı olan bir şey deyil, amma teatrı bu qədər uzun fəaliyyətsiz saxlamaq üzücüdür. Mən tam əminəm ki, tamaşaçılarda darıxıb və onlarda tezliklə teatrların fəaliyyətinin bərpa olunmasını istəyirlər. Tək özüm üçün yox, gənclər üçün də üzülürəm. İnşallah, tez bir zamanda elə 10 martda teatrlar açılar. 10 mart Milli Teatr günü münasibəti ilə isə həmkarlarımı səmimi qəlbdən təbrik edir, tez  bir zamanda görüşməyi arzu edirəm”.
 
Əməkdar artist Nadir Xasıyev qeyd edir ki, bu 1 il Azərbaycan Teatr tarixində son 100 il ərzində görülməmiş hadisədir: “Əlbəttdə ki, bu kimsənin əlində deyil, bizdən aslı olmayan bir prosesdir. Bu bir ili teatrsız yaşamaq çox çətin idi. Teatr səhnəmiz 1 ildir ki, tamaşalara, biz aktyorlara həsrət qalıb. Teatr  bir məkan olaraq onlarla oynanılası tamaşaları itirib. Ötən il 10 mart teatr günündə Akademik Musiqili Teatr rejissor Əsgər Əsgərovun quruluşunda bəstəkar, Xalq artisti Səid Rüstəmovun və görkəmli yazıçı Məmməd Səid Ordubadinin librettosu əsasında hazırlanan “Beş manatlıq gəlin” komediyasını təqdim edəcəkdik və artıq tamaşa günü belə təyin olunmuşdu. Həmin tamaşada baş rolun ifaçısı idim. Təəssüf ki, pandemiya səbəbindən tamaşanı oynaya bilmədik. Akademik Musiqili Teatr tək bu tamaşanı yox, ardıcıl olaraq bir neçə əsəri hazırlayırdı amma dediyim kimi pandemiya səbəbindən dayandı. Arzu edirəm tezliklə mən və həmkarlarım  tezliklə səhnədə olacağıq. Mənim  bir sözüm var, hər zaman söyləyirəm “Teatr aktyor üçün nəfəslikdir, biz oradan nəfəs alır və yaşayırıq, dirçəlirik, inkişaf edirik”. Amma 1 il ərzində biz tamam teatrdan ayrı düşmədik, müəyyən dərəcədə onlayn yaradıcılıqla məşğul olduq.  Zəfər günü ilə bağlı bir çox teatrlarda qısametrajlı filmlər çəkildi. Eyni zamanda çalışdığım sənət ocağıda bir-birindən maraqlı filmlər çəkildi və nümayiş olundu. Fürsətdən istifadə edib deyim ki, bu yaxın günlərdə Akademik Musiqili Teatrın kollektivi ilə birgə rejissor Samir Qulamov “Böyük qayıdış ” filmi çəkdi və həmin filmdə mən Molla Pənah Vaqifi ifa etdim ümid edirəm film tamaşaçılar tərəfindən bəyənilər. İnşallah teatra tezliklə yenidən qayıdarıq və yarımçıq qalmış işləri tamamlayıb, müxtəllif obrazlarda tamaşaçı qarşısına çıxacağıq”.
 
Əməkdar artist Nofəl Vəliyev ötən bir ildə nəinki Azərbaycan teatrı bütün dünya teatrı üçün böyük bir itki hesab etdi: “Azərbaycan teatrı pandemiya səbəbiylə bir neçə sənətkar itirdi. Allah onlara rəhmət etsin. Yeni doğulacaq tamaşalar, gənc aktyorlar üçün bu il böyük itki oldu. Qarşıdan milli teatr günü gəlir, bu münasibətlə hər kəsi təbrik edirəm. Hesab edirəm ki, bu bir il teatrımız üçün itirilmiş il oldu. Allah  bizi "itirilmiş 2 il" bəlasından qorusun.
 
Əməkdar artist Rəhman Rəhmanov aktyor üçün səhnədən ayrı düşməyi dəhşət adlandırdı: “Bizlər səhnədə formalaşır, bütün ağrı-acılarımızı, fiziki-mənəvi yorğunluğumuzu unuduruq. Səhnənin arxası nə qədər təlatümlü olsa da, tamaşaçı qarşısında onu unuduruq. Bu xüsusən kuklaçı aktyorlara aiddir. Kukla bizim sanki bədən üzvümüzdür. Teatrın fəaliyyətsiz qaldığı bu bir ildə sanki əlimizi, qolumuzu, ən yaxın dostumuzu, sirdaşımızı itirmişik. Aktyor evdə oturub, kuklası isə butafor sexində qalması və ondan ayrı məşq etməyin özü də bir absurddur. Müəyyən dərəcədə bir neçə yeni tamaşaların oxunuşunu etsək də səhnədə məşq etməmişik. Biz adətən yeni əsərin məşqinə başlamazdan əvvəl kukla üzərində işləyir, tez-tez sexə düşür, kuklanın yaranışını izləyir, yeni yaranmış kukla ilə daha yaxından tanış oluruq. Bu bir ildə o yeni yaranışdan da uzaq düşmüşük. Ümid edirəm ki, biz yenidən həmin ənənəvi proseslərə qayıdarıq və balaca tamaşaçılarımıza maraqlı tamaşalar bəxş edərik”.

Oxşar xəbərlər