"Bəylərimizdən xahiş edirəm ki, öz kişiliklərini, ərliklərini ailələrindəki xanımlarına bildirsinlər"
9-03-2021, 19:00
60

"Bəylərimizdən xahiş edirəm ki, öz kişiliklərini, ərliklərini ailələrindəki xanımlarına bildirsinlər"




Əməkdar artist Fərqanə Qasımova Moderator.az-ın suallarını cavablandırıb.
 
- Fərqanə xanım, bu pandemiya günlərində yəqin ki, böyük səhnələr üçün darıxmısız?
 
- Biz bu həyatda yaşayırıqsa, tək olan Allahın böyüklüyünə iman gətiririksə,  hər zaman onun bizə göndərdiyi sınaqlara səbirlə, ümidlə təskinlik taparaq sinə gərməyi  bacarmalıyıq. Heç vaxt ağlımıza gəlməzdi ki, belə bir zəmanəyə düşə bilərik. Əlbəttə ki, bizdən öncə də ağır vaxtlar olub, bəzi xəstəliklər olub, kütlə şəkilində insanlar həmin o xəstəliklərə yoluxub və dünyasını dəyişiblər. Müharibə dönəmi olub, aclıq dönəmi olub. Bu da bizim zəmanəmizin bizə göstərdiyi həmin bəlalardandır ki, gözümüzlə gördük, şahid olduq ki, xəstəlikdən neçə-neçə insanlar dünyasını dəyişdi, bu xəstəliyin qurbanı oldu. Bəziləri inansa da, inanmasa da bu xəstəlik var və bizə çətin dönəmini yaşadır. Əlbəttə ki, bu dönəmdə biz arzularımıza bir müddətlik “stop” işarəsi qoymaq məcburiyyətində qaldıq. Amma bu “stop” bizi ümidsizliyə gətirib çatdırmalı deyil və eləcə də mən öz adımdan deyim ki, heç bir ümidsizliyə, gərginliyə qapanmadım. Allahdan gələn nədirsə o da olacaq. Dualarımız odur ki, bu çətin günlərdən bütün dünya, Azərbaycanımız, xalqımız sağ-salamat çıxsın, çıxacağına da inanıram. Biz Alim müəllimlə hər ay bütün dünya ölkələrində konsertlər verirdik, bu bir müddətdir ki, dayandırılıb. İnanırıq ki, yenə də dünya ölkələrində konsertlər verəcəyik.
 

 
- Cəmiyyətimizdə qadına olan hansı münasibət sizi üzür?
 
- Çox şükür ki, biz bu gün qadınların hüquqlarının qorunduğu bir zəmanədə yaşayırıq. Dövlətimiz tərəfindən də, böyüklərimiz tərəfindən də, övladlarımız tərəfindən də,  ütün cəmiyyət tərəfindən də biz bunun şahidiyik ki, bu gün cəmiyyətdə qadınlara çox böyük hörmət, dəyər var. Amma bəzən  hansısa qadının hüquqlarının tapdalanmasını, qadına şiddəti görürük. Təbii ki, bu kimi hallar azlıq təşkil edir. İslam dinimizdə Məhəmməd peyğəmbərin qadınlara olan münasibətini, elə Nisə surəsində oxusaq, görərik ki,  bizim qadınların qiyməti, dəyəri nə qədər yüksəkdir. Bəylərimizdən, əks cinsin nümayəndələrindən xahiş edirəm ki, öz kişiliklərini, öz ərliklərini elə qoy nəzakətləri, nəvazişləri ilə ailələrindəki xanımlarına bildirsinlər. İnansınlar ki, ən böyük insanlıq, kişilik dedikləri hüquq elə qadınlara verilən qiymətdədir. Qadınlarla kişilərin bərabərliklərinə gəldikdə isə bu da hər insanın içində olan bir mədəniyyətdir. Bu gün hansısa bir kişi evdə xanımına yardım edirsə, hansısa bir sözlə öz xanımının ürəyini  oxşayırsa bu elə bərabərliyi qorumaqdır. Əlbəttə ki, qadınlarımız da bu dəyəri heç bir zaman unutmaz, əksinə, daha da dəyərləndirərlər. 
 
- Alim müəllimlə uzun illərdir səhnədəsiz. Onu həmkar, müəllim kimi qəbul etmək daha asandır yoxsa ata kimi?
 
- 16 yaşımdan, 30 ilə yaxın bir müddətdir ki, atam Alim Qasımovla səhnələri paylaşırıq. Biz həyatımızın ən gözəl anlarını səfərlərdə, konsertlərdə keçirib bir dost olduq, nəinki ata-bala. Əlbəttə ki, hər bir ünsiyyət ata-qız münasibətindən başladı. Mən körpə olandan atam əlimə qaval verib, musiqini, səhnədə necə çıxış etmək lazımdır bunu mənə öyrətdi. O müəllim kimi böyük bir tələbə qazandı, mən də atadan savayı bir müəllim, ustad. Mən həm atam, həm müəllim Alim Qasımovla o qədər fəxr edirəm ki. Bilirsiz əgər mən onu atam kimi sevirəmsə, onu ustadım kimi də sevirəm. Alim müəllimin o qədər özəl, gözəl xüsusiyyətləri var ki. Onu görmək və yaşamaq lazımdır. O qədər incə ruhlu və incə qəlbli insandır ki, şəxsiyyətdir ki.
 

 
- Alim müəllimin kaprizi varmı?
 
- Demək olar ki, kaprizi yoxdur. O ailə üzvlərinə, qohumlarına, dostlarına, sənət yoldaşlarına o qədər diqqətlidir ki, bu diqqətin qarşılığını görmək istəyir. Xüsusi bir diqqət mərkəzində olmağını sevir. Bu da onun incə ruhlu olmağından irəli gəlir.  Mən bacardığım qədər hər an çalışıram ki, Alim müəllim o qəlbində diqqəti alsın, sevinsin, ürəyi şad olsun. Zatən o bizdən çox şey istəmir. 
 
- Nə vaxtsa səhnədə sizdən incidiyi vaxt olub?
 
- Deməzdim ki, məndən inciyib. Bizim aramızda demək olar ki, inciklik olmayıb, çox az nüans olub ki, onda da qucaqlayıb demişəm ki, ay dədə bağışla məni, qurban olum, yadımdan çıxıb, unutmuşam. Mən bunu danmıram, belə bir səhvlərimiz ola bilər, çox az olub. Onda da hər zaman qəlbini tez almağa çalışmışam. Ən qorxduğum hadisədir ki, Alim müəllim məndən incisin. O bizim ən yüksəkdə tutduğumuz gözəl ata, baba, dost və sənətkardır!
 



Oxşar xəbərlər