Putinin “əsl kişi” hesab etdiyi dostları KİMLƏRDİR...
18-08-2022, 12:23
52

Putinin “əsl kişi” hesab etdiyi dostları KİMLƏRDİR...

Fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatlardan sonra dünya liderləri Prezident Vladimir Putinin hərəkətlərini qınamağa başlayıblar. Kreml rəhbəri isə Ukraynanı dəstəkləyən ölkələri   təhdid edərək, onları gərginliyi artırmaqda günahlandırıb, eyni zamanda Rusiyanın müttəfiqlərinin əsl kişi xarakteri nümayiş etdirdiyini bildirib.
 
"Bunlar hegemon deyilən dövlətin qarşısında əyilməyən dövlətlərdir. Onların liderləri əsl kişi xarakteri nümayiş etdirir və əyilmir", - deyə Putin Moskvanın müttəfiqlərini tərifləyib.
 
Rusiya lideri çıxışında kimləri tərifləyirdi? Həmin ölkələr hansılardır?
 
Rusiya hazırda qlobal etirazçıların dediyi kimi təcrid olunmuş vəziyyətdə deyil. Əksinə Belarus, Çin və Hindistan kimi ölkələri əhatə edən güclü tərəfdaşlar və müttəfiqlər tərəfindən dəstəklənir. Rusiyanın bir sıra ardıcıl müttəfiqləri var ki, bunlar xüsusən Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələridir.
 
Sözügedən ittifaq ilk dəfə 2011-ci ildə Putin tərəfindən təklif edilib və Rusiya ilə yanaşı ilk üzv dövlətlər Belarus və Qazaxıstan tərəfindən təsdiqlənib. Ermənistan və Qırğızıstan isə 2015-ci ildə ittifaqa qəbul edilib. Tacikistan da potensial gələcək üzv və Rusiyanın müttəfiqi kimi qeyd olunur.
 

 
Qərbin qorxusunda gizlənən rus sevgisi...
 
Adları çəkilən ölkələrlə yanaşı, Moskvanın KTMT üzvləri arasında ən güclü dəstəkçilərindən biri Ermənistandır. İndiyə qədər Ermənistan Rusiyanın hərəkətlərini dəstəkləməmək üçün ehtiyatlı davranırdı, lakin siyasi müstəvidə İrəvanın Rusiyanın işğalçı siyasətinə dəstək verməsi heç kimə sirr deyil. Ermənistan rəhbərliyi dünya ictimaiyyətinin qəzəbinə tuş gəlməmək üçün Ukraynanın Donetsk və Luqansk separatçı bölgələrini tanımır. Amma Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan Rusiyanın ələ keçirdiyi ərazilərdəki separatçı rejimləri dəstəkləyərək, Ermənistanı da eyni addımı atmağa çağırıb. Bu azmış kimi Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakarayan isə Rusiyanın işğalına görə Ukraynanın siyasi elitasını günahlandırıb. Ümumi mənzərə ondan xəbər verir ki, Ermənistan rəhbərliyi onsuz da əsəblərin gərildiyi dünya güclərinin nifrətinə tuş gəlmək istəmir. Bir sözlə desək, həm Rusiyanı, həm də Qərbi itirməməyə çalışırlar. 
 
Onu da bildirək ki, Rusiya indiyə qədər Ermənistanın əsas ticarət tərəfdaşıdır. Bundan əlavə, iki ölkə arasında hərbi əməkdaşlıq da xüsusi önəm daşıyır. 
 
Putinin kiçik qardaşı...
 

 
Belarus Ermənistandan fərqli olaraq nəinki Rusiyanın işğalını dəstəkləyir, həm də Rusiyadan asılı olan Prezident Aleksandr Lukaşenko Moskvanın planlarını yerinə yetirməsinə bilavasitə fəal kömək edir.
 
Yerli KİV-lərdə yer alan xəbərlərə görə, birgə hərbi təlimlər keçirmək üçün Belarusda yerləşdirilmiş rus qoşunları Ukraynanın şimalına daxil olmaq üçün ölkədən effektiv şəkildə istifadə edib. Bu da Ukraynaya qarşı döyüşlərdə Rusiyaya böyük üstünlük qazandırıb. 
 
Dünya gücləri arasında Hindistan Rusiyanın ən qədim və davamlı müttəfiqidir. İki ölkə arasında tərəfdaşlıq hələ sovet dövründən başlayıb. 1971-ci ildə Hindistan və Sovet İttifaqı Dostluq və Əməkdaşlıq Müqaviləsi imzalayıblar.
 
Son illərdə dünyanın ən böyük silah idxalçılarından biri olan Yeni Dehli Moskvadan nüvə sualtı qayıqları və S-400 yer-hava raket sistemi alıb. 
 
Çin və Rusiya əlaqələri
 
Çin və Rusiya Federasiyası arasında əməkdaşlıq son iki onillikdə, xüsusən də Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra inkişaf edib. 2001-ci ildə Çin və Rusiya arasında dostluq müqaviləsi imzalanıb və bu, hərbi əlaqələrin və strateji əməkdaşlığın genişlənməsinə zəmin yaradıb. 
 
Bundan başqa Kuba və Özbəkistanın da Rusiyanın müttəfiqi olduğu bildirilir. Rusiya ilə ədalətli münasibətlər saxlayan ölkələr də var ki, bunlara İsrail, Türkiyə və Azərbaycan daxildir.
 

Hansı ölkələr Ukraynaya qarşı döyüşdə Rusiyaya dəstək verib?
 
Belarus Ukrayna savaşında açıq-aşkar Rusiyanın tərəfini tutur və Putinin qüvvələrinə kömək üçün yardım göndərir. Digər dövlət isə Myanmadır. Bu ölkə Ukraynanın işğalını “haqlı” hesab edir. Venesuela Ukraynanın işğalını açıq şəkildə dəstəkləməsə də, ABŞ-ı Minsk razılaşmasının pozulmasına yardım etməkdə qınayır. 
 
Qeyd edək ki, Putinin Ukraynaya hücum əmrini Suriya da dəstəkləyib. Belə ki, Suriya prezidenti Bəşər Əsəd Putinlə telefon danışığı zamanı Ukraynaya hərbi müdaxiləsini təriflədiyini bildirib. Əsəd Putinə deyib ki, Ukraynada baş verənlər tarixin düzəldilməsi və Sovet İttifaqının dağılmasından sonra dünyada itirilən tarazlığın bərpasıdır.

Oxşar xəbərlər