Qərbin gizli planı üzə çıxdı: Ukrayna qurban verilir? - GƏLİŞMƏ
30-07-2022, 19:29
69

Qərbin gizli planı üzə çıxdı: Ukrayna qurban verilir? - GƏLİŞMƏ



Qərbin gizli planı üzə çıxdı: Ukrayna qurban verilir? - GƏLİŞMƏ

Ukraynanın bəzi Qərb tərəfdaşları Rusiya ilə danışıqların olmasında maraqlıdır".

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

O, enerji resursları ilə bağlı problemlərə görə bir çox Qərb dövlətinin Rusiya ilə sülh danışıqlarına başlamağı təklif etdiklərini açıqlayıb. Lakin XİN rəhbəri rəsmi Kiyevin Moskvadan danışıqlara hazır olduğunu göstərən siqnallar almadıqlarını vurğulayıb.

Qeyd edək ki, son zamanlarda bir çox dövlət dünyadakı enerji və qida problemləri ilə bağlı olaraq Rusiya-Ukrayna arasındakı danışıqların başlanılması üçün çağırışlar edib. Lakin bir çox ekspertlər bunu Qərbin Ukraynadan vazkeçdiyi kimi şərh edir. Rəsmi Kiyev də danışıqlara hazır olsa da, qarşı tərəfdən tələb etdikləri addımları görmədiyini bildirir. Buna rəğmən, Qərb dünyası tərəfindən hazırda Ukrayna və Rusiya arasındakı danışıqların başlanması üçün Kiyev üzərində ciddi təzyiq olduğu görünür.

Maraqlıdır, Qərb Ukraynanı Rusiyaya qurban verir?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Rusiya-Ukrayna müharibəsinin bugünkü vəziyyətə gəlməyində Qərb imperiyalizminin böyük məqsədləri və hədəfləri olub:

"Bütövlükdə regionumuzdakı rəngli inqilab ssenariləri, ölkələrdəki çevrilişlər, dövlətlər əleyhinə baş verən daxili çalxantılar və oyuncaq siyasi hakimiyyətlərin formalaşdırılması Qərb imperialistlərinin uzun illərdir davam edən məkrli planlarından biridir. Onlar, Moskvanı yeni hərbi-siyasi aqressiyaya cəlb edərək, zəifləmiş Rusiya faktorundan öz iqtisadi maraqları üçün istifadə edirlər. Düşünürəm ki, bu gün də Qərb siyasi dairələrinin Ukraynaya yanaşması hər kəsə bəllidir. Ukrayna hakimiyyəti də bir neçə dəfə Qərb siyasətçilərinin qeyri-səmimi mövqeyindən şikayətlənib".

Politoloqun sözlərinə görə, hazırda bütün Qərbin Rusiyanın enerji məhsullarından asılılığı kifayət qədər yüksək səviyyədədir:

"Yaxın bir neçə ay ərzində guya Rusiyanın enerji asılılığından azaldılacağı qeyd olunur. Lakin bütövlükdə Avropanın Rusiyadan enerji asılılığını tamamilə aradan qaldırmaq qeyri-mümkündür. Bu gün Rusiya və Ukraynanın itkiləri ilə müşahidə edilən iki dost xalqı geopolitik düşmənə çevirən kollektiv Qərb, hazırkı vəziyyətdə özünün düşdüyü iqtisadi çətinliklərdən xilas olmaq üçün rəsmi Kiyevi Moskva qarşısında ağ bayraq qaldırmağa təhrik edir.

Hesab edirəm ki, Ukrayna hakimiyyəti hadisələrin gedişatında Qərbə güvənməklə yanlışlığa düçar olduğunu yaxşı dərk edir. Ukrayna rəsmilərinin son açıqlamaları da bunu deməyə əsas verir.

Əslində Qərb Ukraynanı və bizim regionumuzdakı digər dövlətləri Rusiya ilə üz-üzə qoymaqla onları qurban verir. Eyni zamanda, Kreml də "siyasi yemlər" qarşısında təxribatlara gedərək Qərbin istədiyi aqressiv ritorikalara əl atır. Bu isə Rusiyanın özü üçün də problemlər yaradır".

Oxşar xəbərlər