Təhsilə ayrılan 4,4 milyard manat necə xərclənməlidir - TƏKLİFLƏR
28-10-2022, 10:25
76

Təhsilə ayrılan 4,4 milyard manat necə xərclənməlidir - TƏKLİFLƏR

Təhsilə ayrılan 4,4 milyard manat necə xərclənməlidir - TƏKLİFLƏR
Xəbər verdiyimiz kimi, 2023-cü ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub. Layihədə gələn il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur. Bundan əlavə, layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat nəzərdə tutulur. Bu göstərici 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur.
 
2023-cü ildə büdcədən ən çox vəsait ayrılacaq sahələrdən biri təhsildir. Belə ki, büdcə layihəsinə əsasən, təhsilə ayrılan məbləğ 4,4 milyard manat təşkil edəcək. Sənəddə bildirilib ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat (42,4 faiz) çoxdur.
 
Bəs, təhsil ayrılan vəsait hansı istiqamətlərə xərclənməlidir?
 

 
Mövzu ilə bağlı  danışan Milli Məclisin deputatı Etibar Əliyev təhsilə xərclənəcək vəsaitin daha da artırılmasının tərəfdarı olduğunu bildirib:
 
“Büdcədən elm və təhsil sahəsinə ayrılan vəsaitin artırılmasının tərəfdarıyam. Eyni zamanda vəsaitin nəticəyönümlü xərclənməsini istəyirəm. Düşünürəm ki, vəsaitin böyük bir hissəsi ibtidai sinif müəllimlərinin əmək haqlarının artırılmasına sərf olunacaq. Bütün hallarda qeyd etmək istərdim ki, regionlarda məktəblərin köhnə olması, onların maddi-texniki bazasının aşağı olması narahatedicidir. Region məktəblərinin yenilənməsi, eyni zamanda mövcud məktəblərin infrastrukturunun yaxşılaşması üçün vəsaitlərin artırılması vacibdir. Məktəblərdə kompüter sayı və internetə giriş qaneedici deyil. Bir müddət əvvəl biz Bakı məktəblərinin birində olduq. Orada internetə giriş yox idi. Axı, 21-ci əsrdə yaşayırıq. Bu, yolverilməzdir".
 

Deputatın sözlərinə görə, elm və təhsil sahəsinə ayrılan vəsaitin artırılması dövrün tələbidir:
 
"Artırılan vəsaitin xərclənməsinə ciddi nəzarət edilməlidir. Bunun üçün müəyyən yoxlamalar, qiymətləndirmələr aparılmalıdır. Universitetlərdə professor-müəllim heyətinə və tələbə mobilliyinə geniş yer verilməlidir. Gənc alimlərin Avropa ölkələrində staj keçməsi təşkil edilməlidir. Onlar daha sonra qazandıqları təcrübəni ölkəmizdə tətbiq edəcəklər. Hesablama Palatasının təhsil sahəsində apardığı audit məni qane etmir. Qurum vəsaitin xərclənməsinin nəticəyönümlü olması üçün ciddi audit aparmalıdır.
 
Onu da qeyd etmək lazımdır ki, Elm  və Təhsil Nazirliyinin yaradılmasına baxmayaraq, elmə ayrılan vəsait çox cüzidir. Büdcənin 0,1 faizi elmə ayrılıb. Elmin uğurları üçün, elmi nailiyyətlər üçün inkişaf etmiş ölkələr ÜDM-nin 5 faizini elmə ayırır. Bu vəsait texnologiyaların alınması, mütəxəssislərin yetişməsi, məqalələrin çapı üçündür".
 
Milli Məclisin deputatı Ceyhun Məmmədovun fikrincə, elm və təhsil sahəsinə nə qədər çox vəsait ayrılsa da, yetərli olmur:
 
“Çünki burada infrastruktur və təminatla bağlı məsələlər var. Büdcəni ümumi təhlil etsək, dövlətin ən çox diqqət və qayğı göstərdiyi sahələrdən birinin təhsil olduğunu deyə bilərik. Ayrılan 4,4 milyard manat həqiqətən də yüksək vəsaitdir. İnidiki şəraitə görə, bu, böyük irəliləyiş sayıla bilər”.
 

 
Deputat hesab edir ki, büdcədən vəsaitin artırılması elm və təhsil sahəsində keyfiyyətin yüksəlməsinə kömək edəcək:
 
“Ödənişsiz təhsilin genişləndirilməsi, təqaüdlərlə bağlı məsələlər, universitetlərin texnologiya vəsaitlərinin sayının artırılması nəzərdə tutulur. Büdcədən elm və təhsil sahəsinə ayrılan vəsaitin artırılması təhsil keyfiyyətinə müsbət təsir göstərəcək. Onu da bildirim ki, tələbələrin təqaüd məsələsinə də davamlı olaraq diqqət yetirilir. Bununla bağlı cənab Prezidentin müəyyən tapşırıqları olur. Məsələ dövrə uyğun araşdırıldıqdan sonra təqaüdün artırılmasına baxıla bilər”.
 
Təhsil eksperti Nadir İsrafilov isə xatırladıb ki, büdcədən ən çox vəsait hərbi və müdafiə sənayesinə ayrılır, daha sonra elm və təhsil sahəsi gəlir:
 
“Təhsilə ayrılan vəsait ilbəil artır. Bu, ölkə başçısının təhsilə olan qayğısını göstərir. Eyni zamanda elm və təhsil sahəsinin prioritet olduğu görünür. 44 günlük Vətən müharibəsindən sonra Qarabağa "Böyük Qayıdış"ımızı nəzərə almalıyıq. Bizim Qarabağda görüləcək işlərimiz, həyata keçiriləcək layihələrimiz var. Bu gün əsas diqqət Qarabağadır. Bütün bunların fonunda təhsilə ayrılan vəsaiti o qədər də az hesab etmək olmaz. Eyni zamanda, biz müharibə şəraitinin tam sovuşmadığını, təxribatların davam etdiyini görürük. Buna görə də, müdafiə sənayesini gücləndirməliyik. Bunun müqabilində yenə də təhsilə vəsait ayrılmasını müsbət qiymətləndirirəm. Bu məqamda həm də vəsaitin səmərəli, istiqaməti üzrə istifadəsi önəmlidir”.
 

Ekspertin sözlərinə görə, təhsillə bağlı problemlərin həllini yalnız dövlətin boynuna yıxmaq olmaz:
 
“Dünya ölkələrində ayrı-ayrı universitetlər həm də öz gəlirləri hesabına müəyyən nailiyyətlər qazanırlar. Bizdə də 6 universitetə publik hüquqi şəxs statusu verilib. Bu gün pedoqoji kolleclərə, hətta orta məktəblərə publik hüquqi şəxs statusu verilməsindən söhbət gedir. Anlamaq lazımdır ki, təhsil tək dövlət işi deyil, təhsil həm də ümumxalq işdir, ümumilli məsələdir. Ona görə də, təhsillə bağlı problemlərin həllini yalnız dövlətin üzərinə atmaq düzgün deyil. Məncə, universitet və digər təhsil müəssisələrimiz öz imkanları hesabına gəlir qazanmalıdırlar".
 

Bundan başqa, Nadir İsrafilov iş adamlarını təhsil sahəsinə dəstək olmağa çağırıb:
 
"Təhsil kreditləri və tələbələrə ayrılan vəsaitlərə iş adamları da dəstək olmalıdır. 20-ci əsrin əvvəllərində xeyriyyəçilərimiz olub ki, onlar öz vəsaitləri hesabında təhsilə töhfə verməyə çalışıblar. Məsələn, Hacı Zeynalabdin Tağıyev qızlar məktəbi açmışdı. Bəzi gənclər məhz onun köməyi ilə xaricdə təhsil almışdı. Bundan başqa, Musa Nağıyev, Səməd Vurğun, Üzeyir Hacıbəyov da belə təşəbbüslərə qoşulub. Mən təəssüf edirəm ki, bugünkü iş adamlarımız təhsilə töhfə vermirlər. Onlar da gərək töhfə versinlər. İş adamları bəzi tələbələrin təhsil haqqını ödəməklə imksansız şəxslərə dəstək olmalıdırlar”.

Oxşar xəbərlər