Əliyev Paşinyanı QABAQLAYIR, Bakı Qərblə YAXINLAŞIR: Rusiya qəzəblidir, yenə HƏDƏLƏYİR
18-12-2022, 11:04
51

Əliyev Paşinyanı QABAQLAYIR, Bakı Qərblə YAXINLAŞIR: Rusiya qəzəblidir, yenə HƏDƏLƏYİR





Prezident İlham Əliyevin Azərbaycanı Avropa Birliyinin etibarlı enerji təhlükəsizliyi tərəfdaşını çevirməsi, Ukraynaya göstərilən humanitar yardımlar ölkənin siyasi-iqtisadi gələcəyi üçün strateji kapital xarakteri daşıyır... Rəsmi Bakı müstəqil və ardıcıl manevrlərlə, Rusiya və İrandan daha çox asılı vəziyyətə düşən Ermənistanı yalnız Cənubi Qafqazda deyil, bütün dünyada küncə sıxışdırmaqda davam edir... OXU24.COM  musavat.com-a istinadən bildirir ki, Cənubi Qafqaz regionunda həlledici mərhələ artıq başlayıb. Regional savaşın əsas iştirakçıları, xüsusilə də, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan konkret və prinsipial addımlar atmaqla, diqqəti çəkir. Rəsmi Bakı öz siyasi iradəsini hələlik "yumşaq güc" tətbiqi ilə diqtə edir. Bunun qarşılığında Ermənistanın cavab reaksiyası yalnız beynəlxalq qurumlara və Qərb dövlətlərinə şikayət etməklə məhdudlaşır. Çünki rəsmi İrəvanın bundan artığına imkanı və potensialı yoxdur. Və yəqin ki, yaxın gələcəkdə də Ermənistan belə imkanlara sahib olmayacaq. Məsələ ondadır ki, beynəlxalq siyasi məkanda hədəfə çatmaq üçün yalnız şikayət edib, "timsah gözyaşları" tökmək yetərli deyil. Bəzi beynəlxalq qurumların və dövlətlərin rəsmilərini rüşvətlə ələ alınması Ermənistana fundamental üstünlük qazandıra bilməz. Və bu taktikanın daha çox keçərli olduğu tarixi dövr isə artıq çoxdan arxada qalıb. İndi əməkdaşlıq hədəflərinin reallaşması üçün potensial tərəfdaşa onu maraqlandıra biləcək siyasi-iqtisadi mənfəət də təklif etmək olduqca vacibdir. Rəsmi İrəvan isə nəinki faydalı təkliflər edə bilmir, əksinə özü Ermənistan üçün davamlı olaraq, mənfəət umur. Halbuki, hər şey qarşılıqlı olmalıdır və əvəzi ödəməyən təktərəfli mənfəət örnəyi müasir dünya şərtləri üçün xarakterik deyil. Azərbaycanın durumu isə Ermənistan ilə müqayisədə kəskin fərqlərlə yüklənib. Rəsmi Bakı Avropa Birliyinə enerji resursları təklif edir. Üstəlik, bu təklif Avropa Birliyinin Rusiya enerji resurslarından məhrum qalaraq, dərin böhran yaşadığı taleyüklü dövrə təsadüf edir. Və bu, rəsmi Bakının beynəlxalq məkanda siyasi manevr imkanlarını maksimum həddə qədər genişdirir. Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya son səfəri və Buxarestdə yeni enerji sazişləri imzalaması yaxın gələcəkdə yalnız önəmli maliyyə gəlirləri deyil, həm də Ermənistan ətrafında çənbərin daha da daraldılmasına əlavə mexanizmlər vəd edir. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında "yaşıl enerji" üzrə Sazişin imzalanması ilə bağlı mərasimdə Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin açıqlaması da mövcud situasiyanı daha dəqiq anlamağa imkan verir: "Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır". Avropa Komissiyası prezidentinin bu açıqlaması da göstərir ki, Azərbaycanın Avropa Birliyi üçün əhəmiyyəti durmadan artır. Çünki rəsmi Bakı bundan sonra Avropa Birliyi ölkələrinə yalnız təbii qaz deyil, həm də elektrik enerjisi ixrac edəcək. Azərbaycan tədricən Avropa məkanının enerji təhlükəsizliyi strategiyasında əsas tərəfdaşlardan birinə çevrilmiş olacaq. Azərbaycanın Avropa Birliyinə vəd etdiyi belə nəhəng enerji qaynağını isə Qərb üçün sözün əsl mənasında, əməlli-başlı baş ağrısına çevrilmiş faydasız, yalançı "erməni gözyaşları" ilə müqayisə etmək sadəlövhlük olardı. Ona görə də, hazırda Avropa Birliyi strateqlərini əsassız "erməni gözyaşları"ndan daha çox Ukrayna savaşı ucbatından yaranmış enerji böhranından xilas yolları düşündürür. Üstəlik, bu böhrandan yayınmaq üçün yalnız bu ilin şaxtalı qışında deyil, həm də gələcək illərdə də təhlükəsiz enerji təminatı qaynaqlarına ehtiyac var. Belə bir etibarlı enerji resursları qaynağı rolunu isə məhz Azərbaycan öz üzərinə götürüb.


Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla birlikdə enerji resursları ilə zəngin Türkmənistanı da bu prosesə cəlb etməsi Avropa Birliyi üçün strateji əhəmiyyət daşıyır. Qazaxıstanın da Rusiyadan uzaqlaşıb, bu geoiqtisadi prosesdə iştiraka can atdığını nəzərə aldıqda, yaxın gələcəkdə Avropa Birliyi Azərbaycan və Türkiyənin ortaq strateji fəaliyyəti sayəsində Orta Asiya enerji resurslarına çıxış əldə edə bilər. Yəni, Azərbaycan Avropa Birliyinin maraqları baxımından, sadəcə, enerji deyil, həm də geopolitik və geostrateji tərəfdaşlıq potensialına malikdir.
 
Təbii ki, bütün bunları nəzərə aldıqda, Avropa Birliyinin Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasında maraqlarını anlamaq çətin deyil. Hər halda, yalnız sülh şəraitində Avropa Birliyinin Azərbaycan, o cümlədən, Cənubi Qafqaz üzərindən enerji resurslarını təhlükəsiz nəql etmək mümkündür. Və Avropa Birliyinin Ermənistandakı mülki müşahidə missiyasının müddətini uzatmamasının daha real səbəbni də məhz bu məqamda axtarmaq doğru olardı.
 
Avropa Birliyi strateqləri Ermənistanın sülh sazişindən niyə israrla yayındığını anlayırlar. Rəsmi İrəvanın regional gərginliyin saxlanılmasına yönəlik cəhdlərinin Rusiya və İrana sərf etdiyini də bilməmiş deyillər. Avropa Birliyinin mülki müşahidə missiyası isə Ermənistanın hərbi təxribatları üçün müəyyən mənada, "müdafiə çətiri" rolunu oynayır. Yəni, rəsmi İrəvan sülh sazişindən yayınaraq, hərbi təxribatları davam etdirəcəkdi və Avropa Birliyinin "müdafiə çətiri" arxasında gizlənməyə çalışacaqdı. Və Brüssel son qərarı ilə əslində, Ermənistanı Rusiya-İran tandeminə daha çox sərf edən belə avantürist oyun imkanından da məhrum etmiş oldu.
 
İndi Avropa Birliyindən tamamilə əli üzülən rəsmi İrəvan Azərbaycan-Ermənistan sərhədlərinə müşahidə missiyası göndərilməsi üçün BMT Təhlükəsizlik Şurasına müraciət etmək niyyətindədir. Ancaq bu niyyətin real nəticələr verə biləcəyi də hazırda müəyyən mənada, şübhələr doğurur. Çünki rəsmi İrəvan Rusiya və İranla ifrat şəkildə yaxınlaşmaqla, Ermənistanın beynəlxalq məkanda manevr imkanlarını da məhdudlaşdırıb. Və rəsmi Bakı Ermənistanın bütün geopolitik səhvlərindən effektiv şəkildə faydalanmağı bacarır.
 
Məsələ ondadır ki, rəsmi Bakı Ermənistanın strateji müttəfiqi Rusiya ilə müharibə şəraitində olan Ukraynaya humanitar yardımları artırmaqla, Azərbaycanın beynəlxalq mövqelərini daha da inkişaf etdirməyə nail olub. Azərbaycanın Ukraynaya 1.5 milyon dollar dəyərində elektrik enerjisi avadanlıqları göndərməsi Qərb hərbi-siyasi dairələrində məmnunluqla qarşılanıb. Üstəlik, rəsmi yaxın günlərdə Ukraynaya enerji sistemi avadanlıqlarının növbəti partiyasını göndərəcəyini də qətiyyən gizlətmir. Və son məlumatlara görə, ABŞ-ın Dövlət Departamentinin açıqlamasında Azərbaycanın Ukraynaya dəstəyinin təqdir olunduğu vurğulanıb.
 
Rusiya isə təbii ki, rəsmi Bakının son addımlarından həm narahatdır, həm də qəzəblidir. Bu ölkənin Xarici İşlər Nazirliyi Azərbaycanın Ukraynaya elektrik sistemləri avadanlıqları verməsindən çaşqınlıq keçirdiyini vurğulayıb. Eyni zamanda, Kremlə yaxın dairələr Türkmənistan enerji resurslarının nəqli üçün Xəzər dənizinin dibindən boru kəmərinin çəkilməsinə imkan verilməyəcəyini də vurğulayıblar. Hələ bu, azmış kimi, üstəlik, rəsmi Bakını Azərbaycanın enerji sektoruna raket zərbələri endirməklə də hədələyirlər.
 
Göründüyü kimi, rəsmi Bakının müstəqil siyasi-iqtisadi addımları Rusiyanı narazı salmağa başlayıb. Ancaq bütün bunların Azərbaycana hər hansı real təsirlər göstərə biləcəyi isə hazırda o qədər də inandırıcı görünmür. Çünki, rəsmi Bakı atdığı bütün addımların əks təsirlərini elə əvvəlcədən tam dəqiqliyi ilə hesablamamış deyil. Rəsmi Bakı "xaotik və sürüşkən xarici siyasət" yürüdən Ermənistandan fərqli olaraq, nəticələrinə tam əmin olduğu ardıcıl addımlara üstünlük verir.
 
Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin bütün addımları ölkənin siyasi-iqtisadi gələcəyi üçün strateji kapital xarakteri daşıyır. Azərbaycan lideri öz manevrləri ilə Ermənistanı bir xeyli qabaqlayır. Belə ki, Paşinyan hakimiyyəti Ermənistanı Rusiyadan qoparıb, Qərbə yaxınlaşdırmağa cəhd göstərirdi. Ancaq rəsmi İrəvan bunu nəinki bacarmadı, əksinə, Ermənistanı Rusiya ilə yanaşı, hətta İrandan da asılı vəziyyətə saldı.
 
Rəsmi Bakı isə Azərbaycanı çox ehtiyatla tədricən Qərbə yaxınlaşdırır. Hələ üstəlik, yaxın vaxtlarda Azərbaycan və Avropa Birliyi arasında yeni strateji sazişin imzalanması planlaşdırılır. Yəni, Prezident İlham Əliyev Ermənistanı yalnız Cənubi Qafqazda deyil, bütün dünyada küncə sıxışdırmaqda davam edir.

Oxşar xəbərlər