Həkimdən ilan sancması ilə bağlı VACİB AÇIQLAMA: “İlan sancan nahiyə hərəkətsiz vəziyyətə gətirilməlidir”
5-07-2023, 11:55
20

Həkimdən ilan sancması ilə bağlı VACİB AÇIQLAMA: “İlan sancan nahiyə hərəkətsiz vəziyyətə gətirilməlidir”


 
 
 
“İlan sancması zamanı yaranı kəsmək, çərtmək, yandırmaq, yaraya sarımsaq və ya qatıq kimi vasitələr sürtmək qətiyyən olmaz. İlan sancan nahiyəyə çox toxunmaq və hərəkət etdirmək zəhərin daha da yayılmasına səbəb ola bilər”. 
Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə, ilan sancması zamanı ilanın diş kanallarında olan zəhər zərərçəkənin bədəninə keçir və zəhərin yayıldığı sahələrdə əsasən müxtəlif simptomlara rast gəlinir:
“İlkin olaraq dəri qızarır, şişir, göyərməyə başlayır və zərərçəkəndə qorxu, təşviş, başgicəllənmə, ürəkbulanma, nəfəs darlığı kimi əlamətlər müşahidə olunur. Bu zaman insanların yanlış müdaxilə etməsi zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra bilər.
İlan sancması zamanı zəhərin bədənin müxtəlif sahələrinə yayılmasının qarşısını almaq lazımdır. Yaranı kəsmək, çərtmək, yandırmaq, yaraya sarımsaq və ya qatıq kimi vasitələr sürtmək qətiyyən olmaz. İlan sancan nahiyəyə çox toxunmaq və hərəkət etdirmək zəhərin daha da yayılmasına səbəb ola bilər. Bu halda zərərçəkəni sakitləşdirib rahat vəziyyət verilməli,  mütləq ilan sancan nahiyə hərəkətsiz vəziyyətə gətirilməlidir. Yaranı su ilə yumaq, soyuq kompres qoymaq olar. Zərərçəkənin həyati vacib funksiyalarına (nəbz, tənəffüs) nəzarət etməklə dərhal  tibbi yardım çağırmaq  və ya yaxında olan tibb müəssisəsinə çatdırmaq lazımdır. Daha sonra həkim nəzarəti altında müəyyən analizlərin ardınca ilan zəhərinə qarşı zərdab tətbiq edilə bilər. Zərdabın effektivliyi ilk sutka ərzində özünü göstərməyə başlayır”.
N.Mustafayeva bildirib ki, simptomlara əsasən ilan sancan yerdə güclü ağrı və şişkinlik, onun ətrafında ağrıların və hemorragik ödəmin get-gedə artması, seroz və ya seroz-irinli möhtəviyyatlı qovuqların əmələ gəlməsi, hərəkətin məhdudlaşması, nekrozlar, limfangit, limfadenit, zəhərin qanın V və X laxtalanma amillərinə və protrombinə aktivləşdirici təsiri nəticəsində ağır koaqulopatiya, DDL sindrom, immunodepressiv vəziyyət, toksiki hepato-nefropatiya, ürək-qan damar çatışmazlığı və s. aiddir:
“Gürzə (Vipera Lebetina) və gürzəkimilər (Viperidae) fəsiləsinin digər ilanlarının zəhəri orqanizmə göstərdiyi təsirə görə, hemovazotoksik zəhərlər qrupuna aid edilir və kəskin inyeksion zəhərlənmə adlanır. Zəhərin toksikoloji xüsusiyyətləri gürzə zəhərinin əsas toksik effektləri-hemotoksik, sitotoksik, yerli ödəm-nektrotik, immunotoksik, daxili üzvlərə birbaşa toksik təsirdən ibarətdir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada hər il 1,8-2,7 milyon insan ilan sancmasına məruz qalır. Cənub-Şərqi Asiya bölgəsi zəhərli ilanlar üçün biomüxtəlifliyin ən qaynar nöqtəsidir. Bölgədəki ilan zəhərlənməsi təxmin edilən qlobal zəhərlənmənin 70%-ni təşkil edir. Təkcə Hindistanda aparılan araşdırmalar göstərir ki, hər il 0,77-1,24 milyon ilan sancması nəticəsində 58 000 ölüm baş verir. Bir çox tropik xəstəliklər kimi, ölümlə nəticələnən ilan sancmasının da qarşısı vaxtında və effektiv müalicə ilə alına bilər. Adətən ilan sancmasından ən çox təsirlənən insanlar tibbi xidmətlərə və dərmanlara ən az çıxışı olan insanlardır. Buna görə də əlçatan ilkin tibbi xidmətə əsaslanan səhiyyə sisteminin olması çox önəmlidir”.

Oxşar xəbərlər