"Yaxın zamanlarda növbəti əfv gözlənilir"
1-04-2021, 11:07
75

"Yaxın zamanlarda növbəti əfv gözlənilir"





Ötən il koronavirus pandemiyası dünyada olduğu kimi Azərbaycanda da geniş şəkildə yayılmağa başlayanda risk qrupuna aid, yaşı 65-dən yuxarı olan məhkum prezident İlham Əliyev tərəfindən əfv edildi.
 
Onlar arasında "MTN işi"nə görə həbs edilən generallar da var idi. Ötən il həmçinin pandemiya ilə əlaqədar səhhətində ciddi problem olan şəxslər də azadlığa buraxıldı.
 
İndi də ölkəmizdə koronavirusa yoluxanların sayı kəskin artmaqdadır. Son statistikaya görə, sutka ərzində 2 mindən çox şəxs virusa yoluxur. Bu dəfə də ötən il olduğu kimi risk qrupuna aid olan şəxslərin, səhhətində problem olan məhkumların azadlığa buraxılması mümkündürmü?
 
Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, yaxın zamanlarda növbəti əfv gözlənilir:
 
"Eşitdiyimə görə növbəti əfv olmalıdır. Yəqin ki, qeyd edilən məsələ ilə bağlı da müzakirə olacaq".
 
N.Cəfəroğlu həbsdə olan keçmiş baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənovun səhhətinin pisləşməsi ilə bağlı məsələyə də münasibət bildirib.
 
Hüquq müdafiəçisi deyib ki, monitorinq qrupunun növbəti iclasında Eldar Həsənovla bağlı məsələ də müzakirə olunacaq.
 
Qeyd edək ki, Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Avqustun 14-də Bakının Səbail rayon Məhkəməsi hakim Azər Tağıyevin sədrliyi ilə Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.
 
Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Həsənovun barəsində Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib və hazırda istintaq orada davam etdirilir.
 
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2020-ci il iyulun 3-də Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi xüsusi əməliyyatdan sonra bu nazirliyin 5 vəzifəli şəxsi saxlanılıb. Sonradan həmin şəxslərin hamısı ev dustaqlığına buraxılıb. Yalnız Eldar Həsənovun ev dustaqlığna buraxılması barədə vəsatəti təmin edilməyib.

Oxşar xəbərlər