Onu iki qadın oğurladı, alkoqol komasına düşdü - "Arabeskin babası" Orhan Gencebay
9-01-2023, 11:09
41

Onu iki qadın oğurladı, alkoqol komasına düşdü - "Arabeskin babası" Orhan Gencebay



"Göz önündə" layihəsinin növbəti hədəfi tanınmış müğənni Orhan Gencebaydır.
70-80-ci illərə türk musiqisinə damğasını vurmuş Orhan Gencebay yaşayan əfsanə, türk musiqisinin və arabeskin babası adı ilə də tanınır. 78 yaşı olsa da, yenə fit görünüşünü, yaraşığını, xarizmasını, ədəb-ərkanını qoruyub saxlamağı bacarmış ustad sənətkar öz dediyinə görə bunu şəxsi həyatını mediadan gizlədə bilməsinə borcludur. Bu gün Orhan Gencebay deyəndə onun dilindən hər daim təşəkkür əvəzinə işlətdiyi "berhudar ol" ifadəsi yada düşür.
"Hatasız kul olmaz", "Batsın bu dünya", "Bir teselli ver" və "Beni böyle sev", "Firuze" mahnıları dillər əzbəri olsa da, bu onun böyük yaradıcılığının yalnız bir hissəidir.
O, 67 milyon ədəd val və kaset satışı ilə rekordlar siyahısında öndə gedənlərdən olub. Həm bəstəkar, həm bağlama (türk sazı) sənətkarı, həm müğənni, həm də aktyor kimi fəaliyyət göstərib. Fəaliyyətinə görə Türkiyə Mədəniyyət Nazirliyinin "Dövlət sənətçisi" fəxri adını verdiyi az saylı sənətkarlardandır.
Orhan Gencebay 1944-cü ildə Samsunda doğulub. İlk musiqi təhsilini 6 yaşı olanda Krım köçkünü, rus təhsilli qonşusundan alıb. Musiqi sevgisi caz, rok tutkusu ilə başlayıb. 16 yaşında ən məşhur musiqiçiləri bağlamada müşaiyət eməyə başlayan Gencebay özü də yavaş-yavaş oxumağa başlayır. 
20 yaşı olanda TRT Ankara və TRT İstanbul Radio imtahanlarını uğurla verdikdən sonra səsi bütün Türkiyədə əks-səda verməyə başladı. Gənc və yaraşıqlı oğlana ard-arda film dəvətləri gəlir. Təkcə "Bir təsəlli ver" adlı albomunun satışları 3 milyon nüsxəni keçir. Həmin ərəfələrdə şöhrətin gətirdiyi eyforiya ilə siqar və alkoqol asılılığına düşür, hətta öz dediyi kimi narkotikin də dadına baxır. Bir dəfə alkoqol komasına düşüb, ölümdən döndükdən sonra tövbə edir, bu yoldan dönməyə özündə güc tapır.
O qədər gözəl mahnılar yazırdı ki, mahnıları üstə müğənnilər bir-birlərindən küsürdülər. O hər kəsə öz mahnılarını oxumağa razılıq vermirdi. Bu şərəfə Sibel Can, Ebru Gündeş, Zeki Müren və Tarkan layiq olmuşdu.
İlk evliliyi 1970-ci ildə "Beyaz kelebekler" ansamblının solisti Aziza xanımla oldu. Çox keçmədən cütlük ayrıldı və Orhan Gencebay Sevim Emre ilə ailə qurdu.
Artıq 48 ildir davam edən bu sevgi macərasına yaxın günlərdə tanınmış aktrisalardan biri, Yıldız Tezcanın açıqlaması kölgə saldı. Aktrisa bildirdi ki, Orhan Gencebay onu sevirmiş və ilk xanımından da məhz ona görə ayrılıbmış. Orhan bəyin indiki xanımı Sevim onların arasında sevgi məktublarını daşıyr, söz aparıb-gətirirmiş. Lakin günün birində Yıldız xanım görüb ki, Sevim özünü Orhana "calayıb", sevgilisini onun əlindən alıb. "Can Can", "Sabır Taşı" və "Bana çokmu görüyorsun?" adlı mahnıları Orhan mənə ithaf eləmişdi. Sevim bizi ayırdı, kürəyimdən bıçaqladı",- deyə kinoaktrisa bildirib.
Nə Orhan bəy, nə Sevim Emre bu iddialara cavab verməyib.
Bəs ona niyə "arabeskin babası" deyilir? Arabesk necə yarandı?
Arabesk kəlməsini ilk istifadə edən adam bəstəkar Suat Sayın olub. O, bir əsər yazır və əsər çox sevilir. Lakin sonra məlum olur ki, bu musiqi plagiatdır, bu mahnını ərəb kökənli müğənni Abdulvahab ifa edib. Bəstəkar əsərinin plagiat olduğunu demir, ərəblərdən ilhamlanaraq yazdığını deyir və bildirir ki, bu janrın adı arabeskdir. Məsələnin Orhan bəyə nə dəxli var?
Arabesk sözü məhz Orhan Gencebay adıyla qanad açır. Bu hadisədən 1 il sonra Orhan Gencebayın yazdığı lirik bir mahnı çox populyarlaşır və "arabesk" adıyla dillərə düşür. Ondan sonra o tipdə yazılan bütün lirik, romantik ( başqa sözlə ağlamalı) mahnılara "arabesk" deyilir və Orhan baba olur həm də arabeskin babası.
Bu gün sənətkar yenə göz önündədir, sevilir. "Minlərlə insanın Orhan babası oldum, bu xitab xoşuma gəlir" deyib verdiyi müsahibələrin birində. Onun Sevim xanımdan olan oğlu Gökhan Gencebay həm şirkətlərini idarə edir, həm də aktyor kimi fəaliyyət göstərir. İlk evliliyindən olan oğlu Altan Gencebay bizneslə məşğuldur.

Oxşar xəbərlər