Məsələ ilə bağlı danışan psixoloq Elnur Rüstəmov bildirib ki, ilk növbədə hadisəni törədən şəxsin ixtisaslı psixoloq olub-olmamasına diqqət yetirmək lazımdır.
Psixoloq deyib ki, kurslara gedib psixoloq olanların sayı artıb:
"Şəxs 3 aylıq kursa gedib psixoloq olubsa belə, daim öz üzərində çalışmalıdır. Xüsusilə də, loqopediya və psixologiya sahəsində insan faktoru olduğunu nəzərə almalıyıq. Belə olan halda psixoloq özünü mütləq təkmilləşdirməlidir. Bəli, psixoloq da insandır, problemləri olduğu üçün aqressiyalı ola bilər. Ancaq uşaq heç vaxt bu aqressiyanın obyekti olmamalıdır. Bu əmələ heç bir halda bəraət qazandırıla bilməz. Əlbəttə, şənbə günü yayılan işgəncə videosuna görə kədərlənirik. Bu hadisəni çox pis qəbul edir, şiddətlə qınayırıq”.

E.Rüstəmov belə hadisələrin gələcəkdə yaşanmaması üçün təklif də verib:
“Belə hadisələrin gələcəkdə baş verməməsi üçün Azərbaycanda psixoloqların loqopedik fəaliyyətlərinə nəzarət edən Qeyri-Hökumət Təşkilatları olmalıdır. Dünya praktikasında belə qurumlar geniş yayılıb. Amerika Psixoloqlar Assosasiyasını buna misal göstərmək olar. Belə təşkilatlar psixoloqların fəaliyyətinə nəzarət həyata keçirirlər. Onlar etik prinsipləri də daim diqqətdə saxlayırlar. Şübhəsiz, Azərbaycanda da belə bir qurumun olması çox yaxşı olardı. Belə təşkilatlar sayəsində bu cür hallar baş verməzdi. Mütəxəssislər bu məsələdə diqqətli və həssas olmalıdırlar. Xüsusən də uşaqlarla işləyən mütəxəssislər son dərəcə diqqətli olmalıdır. Uşağa heç bir halda şiddət göstərmək olmaz. QHT-lər tərəfindən bu işlərə nəzarət olunmalı, monitorinq aparılmalı, nə kömək lazımdırsa, göstərilməlidir".
Qeyd edək ki, paytaxtın Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara qarşı işgəncə verilib. Fakta görə mərkəzin psixoloqu Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb. İstintaq hərəkətləri davam etdirilir.