“Paltarının cibindən dörd dənə konfet çıxdı...” - Şəhid zabitin atası...
13-03-2021, 17:12
65

“Paltarının cibindən dörd dənə konfet çıxdı...” - Şəhid zabitin atası...




“Paltarının cibindən dörd dənə konfet çıxdı...” - Şəhid zabitin atası...
Vətən müharibəmizin növbəti şəhid qəhrəmanlarından biri də leytenant Kazımov Rusif Yusif oğludur.
 
Beləliklə, həmin yazını təqdim edirik:
 
Bizi şəhidimizin atası və yaxınları qarşıladı. Elə Rusifin döyüş yolunu atası nəql etdi. Şəhid atası deyir ki, döyüşlərdən bir neçə gün öncə oğlu ona zəng vurub:
 
“Rusif 1997-ci ildə anadan olub. İki oğlan və bir qızım var, Rusif evin böyük oğlu idi. O, Uzuntəpə kəndində Eləniz Yusubov adına orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra Cəmşid Naxçıcanski adına liseyə qəbul olundu. Liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. Daha sonra leytenant rütbəsi alaraq xidmətə başladı. Hərbçi sənətini Rusif özü seçmişdi”. 
 
“Nişanlı idi və iyul ayında elə oldu ki...”
 
“Bir il idi ki, zabit kimi Ağstafada xidmətə başlamışdı. Özü kəşfiyyatçı idi. Nişanlı idi və iyul ayında elə oldu ki, Rusif karantinə görə toy edə bilmədik və toysuz ailə qurdu. Həyat yoldaşı da Ağstafada yanında idi. Elə oldu ki, müharibə başlamazdan bir neçə gün öncə zəng vurub dedi ki, “ata, təlimə gedəcəm, gəl yoldaşımı evə apar”. Mən də gedib yoldaşını evimizə gətirdim. Sentyabrın 27-də isə döyüşlər başladı”. 
 
“Sonuncu dəfə onunla noyabrın 2-də danışdım...”
 
“Döyüşlər vaxtı Rusif vaxt etdikcə, zəng vururdu danışırdıq. Sonuncu dəfə onunla noyabrın 2-də danışdım. Hər dəfə zəng vuranda deyirdi ki, “ata, torpaqları ala-ala gedirik”. Mən də təbii ki, bir ata kimi buna sevinirdim. Noyabrın 4-də xəbər gəldi ki, Rusif şəhid olub. Noyabrın 5-də biz onun nəşini Horadizdən gedib gətirdik və kəndimizdə böyük izdihamla dəfn etdik”.
 
“Onun nəşini açanda gördüm ki, ayağından yarası var...”
 
“Komandirləri ilə söhbətimiz zamanı məlum oldu ki, Rusif birinci dəfə Murov dağı uğrunda gedən döyüşlərdə iştirak edib. Daha sonra Kəlbəcər və Şuşada döyüşlərdə olub. Elə noyabrın 4-də Şuşada şəhid olub. Onun nəşini açanda gördüm ki, ayağından yarası var, amma sağalıb. Sən demə Rusif yaralı olub və bunu bizə deməyib. Amma başından və sol böyründən minamyot qəlpəsi dəymişdi. Paltarının cibindən dörd dənə konfet və pul çıxdı. Komandirləri onları gətirib bizə verdilər. O konfet və pulları indiyə kimi saxlamışıq. 
 
Bütün bu xidmətlərinə görə Rusif ölkə başçısı tərəfindən “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib”. 
 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Oxşar xəbərlər