Ermənilər dezinformasiyanı azərbaycanlıların əli ilə yaymaq istəyir – Xəbərdarlıq
15-09-2022, 16:33
62

Ermənilər dezinformasiyanı azərbaycanlıların əli ilə yaymaq istəyir – Xəbərdarlıq

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
 
Cavab tədbirləri nəticəsində Ermənistan ordusuna sarsıdıcı zərbələr endirilib. Nəticədə düşmən çoxsaylı itkilər verib. İlkin məlumatlara görə, 200-dən çox erməni hərbçi məhv edilib, xeyli sayda təxribatçı xəsarət alıb.
 
Azərbaycanın bir gündə 50 hərbi qulluqçusunun şəhid olması barədə sosial şəbəkələrdə müxtəlif fərziyyələr və qeyri-dəqiq informasiyalar yayılmaqdadır. Rəsmi mənbələrə söykənməyən iddiaların dövriyyəyə buraxılması insanlar arasında çaşqınlıq yaradır. 
 
Məsələ ilə bağlı danışan hərbi ekspert Üzeyir Cəfərov əvvəlcə 50 hərbçinin real döyüş əməliyyatı zamanı şəhid olmasına diqqət çəkib:
 
“Düşmən mövqelərimizi artilleriya və minaatanlardan intensiv şəkildə atəşə tutub. Belə olan halda bizim itkimiz 100, hətta 200 nəfər ola bilərdi. Nəzərə almaq lazımdır ki, şiddətli döyüşlər gedib və təxribatın qarşısını alarkən itkilər vermişik. Düşmənə deyə bilmərik ki, itkimiz var, bir az gözlə, nəfəs alaq, sonra yenidən başlayaq. Düşmən infrastrukturu dağıtmaq, əsgər və zabitlərimizi məhv etmək istəyir. İtkilərimizlə bağlı hələ yeni siyahı da açıqlana bilər. Bu barədə Müdafiə Nazirliyinin dünən keçirdiyi brinfiqdə məlumat verilib”.
 

Hərbi ekspert özünü ekspert kimi təqdim edən bəzi şəxslərin sosial şəbəkə hesablarında səsləndirdiyi fikirləri tənqid edib və həmin insanların saxta məlumatlarla ictimaiyyət arasında çaşqınlıq yaratdığını bildirib:
 
“Düşmənə qarşı müharibə bitməyib. Biz bunu birdəfəlik dərk etməliyik. Bakıda oturub, klaviatura arxasında özlərini hərbi strateq və ya hərb sahəsinin bilicisi hesab edənlər var. Hətta tanıdığım kifayət qədər ciddi adamlar var ki, çox primitiv fikirlər yazmağa başlayıblar. Məsələn, biri yazır ki, günorta vaxtı əsgərləri aparmaq olmazdı. İndi gecəgörmə cihazları var ki, insanlara gecənin qaranlığında mənzərəni ovcunun içi kimi görmək imkanı verir. Yəni bu arqument deyil. Nəzərə almaq lazımdır ki, heç bir komandir öz zabitini, uzun illərdir tanıdığı mütəxəssisi itirmək istəməz. Hələ bəziləri şikayət edirlər ki, Müdafiə Nazirliyi məlumat vermir. Ancaq Müdafiə Nazirliyi brifinq keçirdi, lazım olan məlumatları açıqladı. Müdafiə Nazirliyinin rəhbərliyi kompüter qarşısında oturub, hər fikirə münasibət bildirməli deyil. Bir çox sosial şəbəkə istifadəçisi xəbərdarlıqlara baxmayaraq, düşmənin dezinformasiyalarını paylaşır. Başa düşmürlər ki, yalan informasiyalar Azərbaycanı gözdən salmaq üçün ortaya atılıb. Biz belə çirkin planların həyata keçirilməsinə imkan verə bilmərik, onlara qarşı mübarizə aparmalıyıq.  Lakin müəyyən məsələlər var ki, mən də razı deyiləm. Ancaq bu da məsələləri ictimailəşdirib, müzakirəyə çıxarmağa əsas vermir. Biz ictimaiyyətin nəzərinə ermənilərin yaramaz əməllərini, onların havadarlarının kim olduğunu çatdırmalıyıq”.
 
Bundan əlavə, Üzeyir Cəfərov sərhəddəki hadisələrdən sonra “TikTok” platformasına girişin məhdudlaşdırılması qərarınını dəstəklədiyini bildirib:
 
““TikTok”un müvvəqəti olaraq bağlanması çox düzgün addımdır. Çünki burada özünü vətənpərvər kimi sırıyıb, hər yalan məlumatdan xal toplayanlar var. Ümumiyyətlə, sosial şəbəkələrdə vəziyyət nəzarətdə olmalıdır. Ermənilər dezinformasiyaları azərbaycanlıların əli ilə yaymaq istəyirlər. Səmimi deyirəm ki, içərisində jurnalistlər də olan dostlarımız özünü yaxşı aparmır. Deyəsən, onlar Ramzan Kadırovdan (Çeçenistan prezidenti-red.) “TikTok” qəhrəmanlığını öyrənib. Unutmayaq ki, biz elə bir düşmənlə üz-üzəyik ki, bu gün dediyi sözü, sabah danır. Ona görə ehtiyyatlı olmalıyıq”.

Oxşar xəbərlər