Azərbaycan münaqişənin sülh və diplomatik üsullarla həll olunması üçün bütün lazımi addımları atmışdır
31-05-2021, 12:39
63

Azərbaycan münaqişənin sülh və diplomatik üsullarla həll olunması üçün bütün lazımi addımları atmışdır

Bütün dövrlərdə dövlətimiz üçün prioriet məsələ torpaqlarımızın işğaldan azad edilməsi olmuşdur. Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfində olsa da, problemin həlli ilə bağlı vasitəçilərin iştirakı ilə aparılan danışıqlarda hər zaman ikili standartlar özünü göstərmişdir. Məsələnin təəssüf doğuran digər tərəfi də odur ki, bu proseslə işğala məruz qalan Azərbaycana təzyiqlər olunmuş, ölkəmizin işğalla barışması üçün müxtəlif siyasi cəhdlər göstərilmişdir.

Hadisələrin təhlili göstərir ki, ATƏT-in Minsk qrupunun əsas missiyası ötən bu müddətdə eyni bəyanatları təkrarlamaqdan, məsuliyyəti münaqişəli tərəflərin üzərinə atmaqdan, regiona turist gəzintisinə bənzəyən nəticəsiz səfərlər etməkdən, işğalçı ölkənin törətdiyi təxribatları, terror aktlarını, cəbhəboyu ərazilərə yaxın yaşayış məntəqələrini ağır artilleriya qurğularından atəşə tutmasını, dinc əhalini qətlə yetirməsini seyr etməkdən ibarət olub. Azərbaycan dövləti daim münaqişənin həllində bütün beynəlxalq təşkilatların malik olduqları potensialdan istifadə etmək istəyini ortaya qoysa da, Minsk qrupunun həmsədrləri bunu onların vasitəçilik missiyasına maneə, ən əsası Azərbaycan tərəfinin vasitəçilikdən imtinası kimi dəyərləndirirdilər.

Hətta müharibə günlərində Azərbaycanı öz yolundan döndərmək üçün müxtəlif istiqamətlərdən siyasi-diplomatik təzyiqlərin şahidi də olduq. Belə ki, BMT-də Ermənistanın milli maraqlarını ifadə edən sənədin qəbuluna cəhd göstərildi. Lakin cənab Prezident İlham Əliyev bütün diplomatik təzyiq və təhdidlərə sərkərdə qətiyyəti ilə sinə gərərək BMT-də məlum sənədin qəbulunun qarşısını aldı. İlham Əliyev informasiya savaşında dünya erməniliyini darmadağın edərək erməni yalanlarına böyük zərbə vurdu.
Azərbaycan beynəlxalq mövqelərimizin zəif olduğu vaxtlarda belə, respublikamızın milli maraqlarına zidd olan razılaşmaları yaxına buraxmamışdır. Prezident İlham Əliyev hər zaman bəyan edib ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin qurulmasına imkan verilməyəcəkdir. Eyni zamanda dövlət başçısı hər zaman bildirmişdir ki, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan Ordusu öz sözünü deyəcəkdir.
Bu gün qürurla deyə bilərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun şücaəti sayəsində dünyanın aparıcı dövlətlərindən, nüfuzlu beynəlxalq təşkilatlarından 30 ilə yaxın dövrdə ədalətli mövqe gözləyən Dağlıq Qarabağ münaqişəsi artıq öz həllini tapmışdır. Dövlətimiz bu Qələbəsi ilə həm dünyanın aparıcı dövlətlərinə, həm də nüfuzlu beynəlxalq təşkilatlara sübut etdi ki, münaqişənin hərbi yolla həlli variantı mümkündür və Azərbaycan tarixi Zəfəri məhz döyüş meydanında qazandı.
"Hərbi variant yoxdur” deyənlərin əsas məqsədi mövcud vəziyyəti olduğu kimi saxlamaq idi. Dövlətimizin başçısı status-kvonu, təmas xəttini rədd etməklə, bu fikrə düşənlərin bütün planlarını alt-üst etdi: "ATƏT-in Minsk qrupunun həmsədrləri artıq şahiddirlər ki, 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub.

İstər 30 ilə yaxın müddətdə, istər həqiqət anı kimi dəyərləndirilən 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmüharibə dövründə baş verən proseslər münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu şəraitində nizamlanmamasının əsas səbəbini bir daha açıqladı: "Bu, dünyada baş alıb gedən ikili standartlar, siyasi riyakarlıq və islamofobiyadır. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev yenilməz iradəsi və qətiyyəti ilə bunları da darmadağın etdi. Bu gün qarşıda dayanan əsas məsələ 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyimiz dəmir yumruğu bərpa işlərində də qorumaq, işğaldan azad olunmuş bölgələrimizi cənnətməkana çevirmək, öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın Böyük Qayıdışını təmin etməkdir. Xalqımız tam əmindir ki, sarsılmaz iradəsi və yenilməz qətiyyəti ilə Azərbaycanın ərazi bütövlüyünü təmin edən Müzəffər Ali Baş Komandanımız, qalib Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə yeni prioritetlər reallığa çevriləcək, doğma Qarabağımızda yenidən həyat canlanacaq, vətəndaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşayacaqlar”.


Yusif Babayev,
Salyan rayon gənci,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistr tələbəsi[

Oxşar xəbərlər