Aqiyə Naxçıvanlı: “Spiker İtaliyada erməni yalanlarını bir daha ifşa etdi”
21-05-2021, 19:18
58

Aqiyə Naxçıvanlı: “Spiker İtaliyada erməni yalanlarını bir daha ifşa etdi”

Xəbər verildiyi ki, mayın 17-dən 19-dək Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova parlament nümayəndə heyətilə İtaliyada rəsmi səfərdə olub. Səfər çərçivəsində Milli Məclisin sədri İtaliya senatının sədri və digər hökumət nümayəndələri ilə görüşüb. İtaliyaya səfər etmiş nümayəndə heyətində təmsil olunan Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı bu barədə mətbuata açıqlama verib.

Millət vəkili deyib ki, səfər Azərbaycan-İtaliya döstluq və strateji əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edib. A.Naxçıvanlının sözlərinə görə, Sahibə Qafarovanın keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər kifayət qədər geniş spektri əhatə edib: “Məlum olduğu kimi, bu gün Azərbaycan və İtaliya arasında mövcud olan dostluq və strateji əməkdaşlıq əlaqələri yüksək səviyyədədir və bu əlaqələr getdikcə daha da inkişaf edir. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri, xüsusilə 2020-ci ildə Azərbaycan Respublikasının cənab Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri ölkələrimiz arasındakı münasibətlərin inkişafına yeni təkan verib və bu münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycan ilə İtaliyanın siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrinin inkişafının möhkəm hüquqi bazasını təşkil edir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 2018-ci ildə İtaliyaya rəsmi səfəri, Fondun İtaliyada mədəni abidələrin qorunması və bərpasında yaxından iştirakı kimi önəmli məsələlər də Azərbaycan-İtaliya münasibətlərinin möhkəmlənməsində son dərəcə əhəmiyyətli rol oynamışdır. Bu gün isə ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə artıq parlamentlərarası əlaqələrin də gücləndirilməsi vacibdir. Məhz bu baxımdan mayın 17-dən 19-dək Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyaya səfəri xüsusi əhəmiyyət kəsb edir. O cümlədən İtaliya Respublikası Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşü zamanı spikerimiz bizim İtaliya ilə dostluğa verdiyimiz dəyərdən, əməkdaşlığımızın müxtəlif aspektlərindən, xüsusilə də Ermənistanın təxribatçı davaranışlarından danışaraq, qarşı tərəfə bu barədə geniş məlumat verdi. Həmçinin Sahibə xanım İtaliyanı Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyini daha fəal şəkildə dəstəkləməyə çağırdı.”

Daha sonra Aqiyə Naxçıvanlı qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətə uyğun olaraq Milli Məclisin sədri İtaliyada keçirdiyi görüşlərin gedişində Ermənistanın bu gün də qeyri-konstruktiv mövqeylərindən əl çəkməməsi və Azərbaycana qarşı təxribat xarakterli addmlar atmaqda davam etməsi barədə qarşı tərəfə ətraflı məlumatlar təqdim edib: “Qeyd etməliyəm ki, Sahibə xanımın keçirdiyi görüşlər erməni yalanlarının ifşası və bu ölkənin Azərbaycana qarşı təxribatlardan əl çəkmədiyinə dair faktların təqdim olunması baxımından da böyük əhəmiyyət kəsb etmiş oldu. Həmin görüşlərdə Milli Məclisin sədri Ermənistanın münaqişə başa çatdıqdan sonra da tutduğu qeyri-konstruktiv mövqeyə toxunaraq bildirdi ki, minalanmış ərazilərin xəritəsi hələ də Azərbaycana təqdim edilmir və bu yolla ərazilərdə bərpa işlərini və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesi ləngidilir.Spikerin toxunduğu daha bir məsələ də Ermənistanın qaldırdığı dırnaqarası “hərbi əsirlər” məsələsidir. Bu mövzu ilə bağlı İtaliyalı həmkarlarımıza, o cümlədən birbaşa cənab Roberto Fikoya ətraflı məlumat verən Sahibə xanıb bildirdi ki, Azərbaycanda saxlanılan şəxslər hərbi əsirlər deyil, beynəlxalq terrorçulardır və bu barədə kifayət qədər tutarlı dəlillər mövcuddur. Ermənistan isə hər zaman olduğu kimi, yalan məlumatlarla dünya ictimaiyyətini çaşdırmağa və bu minvalla həm öz muzdlularını geri almağa, həm də 10 noyabr bəyannaməsindən irəli gələn öhdəliklərinin icrasını yubandırmağa çalışır. Milli Məclisin sədri bir daha bütün dünya ictimaiyyətini bu kimi məsələlərə biganə qalmamağa çağırdı.”

Həmçinin Aqiyə Naxçıvanlı səfər çərçivəsində iqtisadi əlaqələrin inkişafına dair dəyərli fikir mübadilələrinin də aparıldığını qeyd edərək bunları deyib: “Məlumdur ki, bu gün Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələr də yüksək səviyyədə inkişaf edir. Mən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu ilin fevral ayının 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən dediyi sözləri xatırlatmaq istəyirəm. Həmin görüşdə dövlətimizin başçısı italyan şirkətləri bizim işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlı layihələrdə çox fəal olacaqlarına ümid etdiyini vurğulayaraq belə demişdi: “Sizə deyə bilərəm ki, artıq bərpa işləri və tikinti işləri ilə bağlı bir neçə italyan şirkəti dəvət olunub. Əminəm ki, onların sayı daha da artacaq. Çünki mən artıq dəfələrlə çıxışlarımda demişəm və bir daha qeyd etmək istəyirəm ki, biz yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Yaxşı ingilis deyimi var: yaxşı dost dar gündə tanınar. Bu çətin anda siz dostlarınızın həqiqətən kimin olduğunu anlayırsınız. Bu, çox vacib və dəyərli bir məsələdir.” Qeyd etmək istəyirəm ki, Romada keçirdiyi görüşlərdə Milli Məclisin sədri Sahibə Qafarova da İtaliyanın Vətən müharibəsi dövründə Azərbaycana verdiyi dəstəyi xüsusi olaraq qeyd edib və Azərbaycanın ədalətli mövqeyinə dəstək ifadə edən bütün italiyalı parlamentarilərə dərin təşəkkürünü bildirib.Spiker vurğuladı ki, artıq Qarabağ münaqişəsi başa çatıb və Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində yeni dövr – bərpa və yenidənqurma dövrü başlayıb. Bundan sonra həmin ərazilərdə aparılan bərpa və quruculuq işlərində İtaliya şirkətlərinin iştirakı barədə müzakirələr keçirildi. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı, parlamentlərarası dialoqun bundan sonra da inkişaf etdirilməsinin vacibliyi vurğulandı.”

AİA.Az

Oxşar xəbərlər