Qarabağın zəfər tonqalı...
22-03-2021, 13:26
113

Qarabağın zəfər tonqalı...




Qarabağın zəfər tonqalı...
O gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada keçirəyik,
o biri il Laçında, o biri il Kəlbəcərdə…
 
Ulu öndər Heydər Əliyev
 
Bəşər yaranandan əlin göylərə açaraq Tanrıya sığınan türklərin bayramları, adət-ənənələri, mərasimləri hər zaman bəşəriyyətin özünə, bir sözlə insanlığa xidmət edib. Vaxtilə Oğuz türklərinin şən günlərində uca təpələrdə bir tonqal qalanardı, yanan odun alovuna hər kəs yığışardı. Bir təhlükə olarsa iki tonqal qalanardı. Beləliklə tonqal, yanan od xalqın birliyinin, əzminin göstəricisi idi. Əski çağlardan bugünki günümüzə qədər şərəflə daşıdığımız və yaşatdığımız ulu xalqımızın mənəvi dəyərlər sistemində yeri olan Ulus bayramı bu gün öz möhtəşəmliyilə, qalanan tonqalının odu öz gurluğu ilə tamam fərqli idi.
 
Vaxtilə, hələ Qarabağ xanlığı dövründə yerli əhalinin - türklərin cıdır yarışları keçirdiyi, bayram tonqalı qaladığı Qədim Şuşamızın ən yüksək zirvəsində - Cıdır düzündə Ali Baş Komandan və ailəsinin düşmənin bağrına od salaraq odladığı Bahar və Qələbə tonqalı bizlərə ayrı bir möhtəşəmlik, ayrı bir fəxarət hissi yaşatdı. Biz nəinki öz dədə-baba torpaqlarımızı yağı düşməndən azad etdik. Biz həm də Müzəffər Sərkərdəmizin, yenilməz ordumuzun, şəhid və qazi qardaşlarımızın, bütövlükdə xalqımızın cəsarəti və yenilməzliyi sayəsində erməni işğalçılarını, erməni terrorçularını rəzil vəziyyətə salaraq günahsız insanların intiqamını aldıq.
 
Dünən Cıdır düzündə qalanan tonqal həm Bahar bayramının, həm də Vətən müharibəmizin möhtəşəm qələbəsinin yanar odu ilə daha da gur yandı, əbədi sönməzlik qazandı. Ən yüksək zirvədə odlanan bu tonqalın istiliyi Bahar bayramının istisi ilə xalqın qəlbinə fərəhlik, hərarət gətirdi. Uşaqdan-böyüyə hər kəsin dilində sevgiylə, qəlbində istiliklə yuva quran, əbədiyyət qazanan, tarixə çevrilən müqəddəs: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” - kəlmələri bu gün Ali Baş Komandanımız, Yenilməz Sərkərdəmiz İlham Əliyevin dilindən ən uca zirvədə - Cıdır düzündə, ən müqəddəs məkanda - əziz Şuşamızda yenidən səsləndi. Hakimiyyətdə olduğu müddət ərzində hər dəfə Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edən Cənab Prezidentimiz İlham Əliyev böyük inamla: "Biz öz doğma torpaqlarımıza qayıdacağıq." - deyirdi.
 
Hər dəfə qaçqın və məcburi köçkünlərlə, şəhid ailələri və xalqla görüşündə: "Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik" - deyən Ali Baş Komandan bu gün sözünün imzası qədər keçərli olduğunu təsdiq etdi. Ata vəsiyyətini yerinə yetirməklə, xalqın intiqamını yağı düşməndən almış oldu. Bu gün doğma Qarabağımız Bahar bayramı ilə birlikdə, həm də özünün bahar azadlığını yaşadı. Mədəniyyət paytaxtımız Şuşa mədəni azadlığa çıxdı - barbarlardan, terrorçu qüvvələrdən, yad ünsürlərdən təmizlənməklə. İndi qədim şəhər əzəli sakinlərinin isti nəfəsinə, qələbə tonqalının sönməz oduna qızınır. İndi müqəddəs Şuşamız etibarlı və halal əllərdədir.
 
Zəfər tonqalının odu, Bahar günəşinin isti şəfəqi ilə ən yüksək nöqtədə birləşdi. Bu günün hər ili Vətən yurddaşının qələbə yaddaşında daşa həkk olunan yazı kimi əbədi yaşayacaq. Cənab Prezidentimiz İlham Əliyevin "Qarabağ Azərbaycandır!" - müqəddəs ifadəsinin NİDASI, bu ifadəni tamamlayan “DƏMİR YUMRUĞU” və sonda bu gücün Cıdır düzündə qalanan ZƏFƏR TONQALI ilə türk xalqı tarixinin ən möhtəşəm Novruz bayramını qeyd etdi.
 
Əziz Şuşa, Baharın, bundan sonrakı hər anın mübarək...
 
Əsgər İsmayılov,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Oxşar xəbərlər