Ölkə
10-05-2024, 11:30
275
Bu gün Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Heydər Əlirza oğlu Əliyev Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Pedaqoji Texnikumunu, daha sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib.
1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə başlayıb. 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini təyin edilib.
Heydər Əliyev ilk dəfə 1969-cu ildə ölkəni idarə etməyə başladı və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi. Qısa bir dövr ərzində respublika ərazisində 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.
Heydər Əliyev 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verib.
H.Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini də icra edib. Bu vəzifədə işləyərkən o, SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının sahələrinə rəhbərlik edib.
15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçilib, 24 iyundan isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 3 oktyabr 1993-cü ildə ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində Heydər Əliyev səhhəti ilə bağlı namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.
12 dekabr 2003-cü ildə ümummilli lider Heydər Əliyev ABŞ-də, Klivlend klinikasında vəfat edib. O, Bakıda, Birinci Fəxri xiyabanda dəfn olunub.
Rövşən Əhmədov,
YAP Ağcabədi rayon Təşkilatının sədri


