Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?
28-03-2024, 09:04
13

Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?




Mart ayında tikinti materialları bazarında elə də ciddi bahalaşma olmayıb və əvvəlki aylarda olduğu kimi, təklif çox olmadığı üçün stabillik davam edib”.

Bu sözləri Bizim.media-ya açıqlayan daşınmaz əmlak sahəsi üzrə ekspert Ramil Qasımzadə, bu gün qiymətlərin bazar tərəfindən tənzimləndiyini diqqətə çatdırıb.

Ekspert vurğulayıb ki, əgər bazarda müştəri yoxdursa, qiymət də artmayacaq: 

“Qalxsa da, alıcısı olmayacaq. Buna görə satıcı digər xərcləri ödəmək üçün qiymətləri aşağı salmağa məcbur olacaq. Bu gün hələ də Rusiyanın Belqorod və Ukraynanın Polşa ilə sərhədinə yaxın yaxın ərazilərindən ölkəmizə bəzi tikinti materialları idxal olunur. 

Bu səbəbdən də bazarda bolluq müşahidə olunur və buna görə də qiymətlərdə artım baş vermir. Əvvəlki aylarda 44-45 manat olan divar kağızlarını hazırda 30-35 manata da almaq olar.” 

R.Qasımzadə bununla belə, bəzi məhsullarda cüzi ucuzlaşmanın müşahidə olunduğunu bildirib: 

“Əsasən də Rusiyadan gələn materiallarda nisbi ucuzlaşma nəzərə çarpmaqdadır. Əvvəlki iki ay ərzində “dikt” adlanan sıxılmış taxta parçalarının qiyməti 20-22 manat arasında dəyişirdi. Mart ayında isə bu dəyər 16-17 manata qədər düşdü. Alçıpanlarda, eləcə də bəzi yerli məhsullarda cüzi də olsa, ucuzlaşma müşahidə olunur. Ona görə ki, yerli məhsul xarici idxala rəqib olduğu üçün satıcılar cüzi endirimlər edirlər. Bazarın hazırkı vəziyyəti də ümumi satışın zəiflədiyini göstərir”.  

O, qiymət dəyişikliklərinin aşağıdakı amillərlə bağlı olduğunu diqqətə çatdırıb:

“Belə ki, qiymətlər fevral ayında artır, amma martın əvvəlində azalır. Sonrakı aylarda isə qiymətlərin yenidən öz əvvəlki səviyyəsinə qalxması mümkündür. Bəzi boya məhsullarında əvvəlcə ucuzlaşma olub, amma sonradan qiymətlər tələbatın artması ilə əlaqədar öz əvvəlki səviyyəsinə qayıdıb. Bəzi dəmir məmulatlarında da eyni vəziyyət müşahidə olunub”.

Onun sözlərinə görə, qarşıdakı aylarda qiymət artımlarının olacağı proqnozlaşdırılır:

“Bunu da aprel ayından etibarən tikinti bumunun başlaması ilə əlaqələndirirlər. Növbəti aylardan tələbatın artacağı və buna uyğun məhsulların bahalaşacağı gözlənilir”.

Oxşar xəbərlər