Ölkə / Siyasət
23-02-2024, 11:00
91
Fransanın anti-sülh planı: Makron Paşinyanı müharibəyə sövq edir
Nikol Paşinyanın Fransa səfərindən sonra Azərbaycan və Ermənistan arasında ikitərəfi formatda sülh sazişi üzrə danışıqların davam etdirilməsi gözləntisinin arxa plana keçəcəyi riski yaranıb.
Birincisi, Münxendə Prezident İlham Əliyevin qarşısında sülhdən danışan Paşinyan Parisdə özünü təkzib etməyə başladı və verdiyi açıqlamalarla qeyri-konstruktiv mövqeyini yenidən sərgilədi;
İkincisi, Paşinyanı Yelisey sarayında qəbul edən Emmanuel Makron faktiki olaraq, Cənubi Qafqazda kövrək olan sülh gündəliyini sabotaj etmək mövqeyindən çıxış etdi;
Proseslərin inkişafı Fransanın Cənubi Qafqazda sülh prosesini “baltaladığını” təsdiq edir. Və bu yanaşma təkcə Bakı-İrəvan xəttindəki normallaşmanı arxa plana keçirmir, həm də Şarl Mişelin təşəbbüsü ilə Avropa İttifaqının da bölgədəki maraqlarını təhlükə altına atır. Çünki Şarl Mişel Əliyev və Paşinyana Brüssel formatında görüşün keçirilməsi təklifini vermişdi. Prezident İlham Əliyev üçtərəfli formatda görüşün mümkünlüyünü istisna etmədi. Ardınca Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Əliyevlə Paşinyanın görüşü keçirildi və bu, Fransanın pozuculuq fəaliyyətindən sonra arxa plana keçmiş Avropa masası önündə yeni imkanlar açdı. Lakin Münxen görüşündən sonra Parisdə Paşinyanı qəbul edən Makron bütün təşəbbüslərin üzərindən xətt çəkir.
Makron həm bəyanatları, həm də praktiki addımları ilə sülh gündəliyini sıradan çıxarmağa çalışır.
Fransa prezidentinin erməni baş nazirlə mətbuat konfransındakı çıxışı Azərbaycana qarşı əsassız ittihamlar üzərində qurulmuşdu.
- Ermənistanın Zəngilan istiqamətində törətdiyi təxribat hücumunu pərdələyərək, Azərbaycanın cavab addımını qabartdı və rəsmi Bakını ittiham etdi;
- Sərhədin delimitasiyasının Ermənistanın gündəliyinə uyğun həyata keçirilməsinin vacibliyindən danışdı və Nikolun “güzgü prinsipi”ni – qoşunların qarşılıqı geri çəkilməsi təklifini dəstəklədi.
- Qarabağdan Ermənistana könüllü şəkildə qayıdan erməni əhalisinin “hüquq və təhlükəsizliyinin” təmin edilməməsi iddiası ilə rəsmi Bakıya qarşı ittiham irəli sürdü;
- Kommunikasiyanın açılmasında Ermənistanın “sülhün kəsişməsi” layihəsini dəstəklədi;
Tamamilə Ermənistanın mövqeyindən çıxış edən Fransa buna rəğmən, Bakı-İrəvan danışıqlarında hələ də vasitəçi olmaq niyyətindən əl çəkməyib. Makronun bu açıqlamaları ədalətsiz və qeyri-balanslı mövqe sərgiləyən Fransanın danışıqlar prosesinə, ümumilikdə Cənubi Qafqaza qayıdışının təmin ediləcəyi demək deyil. Lakin Makron müxtəlif vədlərlə Nikol Paşinyanı sülh danışıqlarından uzaqlaşdırır. Onun sülh sazişi üzrə Ermənistanın gündəliyini dəstəkləməsi də rəsmi İrəvanın reallıqdan uzaq istəklərə düşməsinə şərait yaradır. Münxendən Parisə gedən Nikol Paşinyanın mövqeyinin tamamilə dəyişməsi bunun əyani ispatı hesab oluna bilər.
Hərçənd, Makronun anti-sülh siyasəti təkcə ritorik çağırışlardan ibarət deyil. Fransa Ermənistanı silahlandırmaqla Cənubi Qafqazı müharibə meydanına çevirməyi planlaşdırır. Paşinyanın ardınca Fransa müdafiə naziri Sebastyan Lekornunun da İrəvana gəlişi bu planın tərkib hissəsidir.
“Politico” nəşrinin məlumatına görə, Sebastyan Lekornu "MBDA", "Nexter", "Safran", "Thales" və "Arquus" kimi silah şirkətlərinin nümayəndələrini də Ermənisatana gətirib. Məqsəd bu şirkətlərlə Ermənistan hökuməti arasında silahların alınması üzrə sazişin imzalanmasıdır.
Lekornunun İrəvanda verdiyi açıqlamalar isə Fransanın Ermənistana hərbi dəstəyin növbəti mərhələsinin başlandığını deməyə əsas verir. Fransa müdafiə naziri bildirdi ki, onlar Ermənistana yaxın, orta və uzaqmənzilli müdafiə sistemləri verə bilərlər. Eyni zamanda, erməni hərbçilər bu il ərzində Fransa ordusunda təlimlər keçəcək, fransız hərbi mütəxəssislər isə Ermənistanda hərbi hazırlığa dəstək verəcək.
İstisna edilməməlidir ki, Ermənistan Fransanın dəstəyi ilə Azərbaycana qarşı sərhəd təxribatlarını genişləndirsin. Bu, Paşinyan hakimiyyətinin sülh gündəliyini dəyişmək, Fransanın isə Ermənistanı silahlandırmağa “əsas tapmaq” planına xidmət edəcək ssenaridir. Paşinyanın Parisə səfəri, Makronun verdiyi anti-sülh mesajları və müdafiə nazirini dərhal İrəvana göndərməsi bölgədə yeni eskalasiya planına hazırlıqdan xəbər verir. Lekornunun İrəvana gəldiyi gün Ermənistanın Basarkeçər rayonu istiqamətindən Azərbaycan Ordusuna qarşı təxribat atəşinin açılması bu kontekstdə təsadüfi deyil.