Ölkə / Siyasət
22-02-2024, 15:30
119
Həbsdə olan erməni separatçıları əfv oluna bilərmi?
“Həmin şəxslərin bağışlanması hüquqi cəhətdən mümkün olsa da, faktiki mümkün deyil”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli həbs olunan erməni separatçılarının məhkəmə hökmündən sonra əfvə düşməsi ehtimalından danışarkən deyib.
Hüquqşünas bildirib ki, Azərbaycan Konstitusiyasına görə, Prezident ölkə məhkəmələri tərəfindən məhkum olunmuş istənilən şəxsi əfv etmək və bağışlamaq hüququna malikdir:
“Bu, Prezidentin müstəsna səlahiyyətinə aid məsələdir. Prezident onu öz mülahizəsinə əsasən, həyata keçirə bilir. Dövlət başçısı adminstrasiyasında bağışlama məsələləri üzrə komissiya fəaliyyət göstərir. Həmin komissiyanın təqdimatı əsasında Prezident bağışlama ilə bağlı səlahiyyətlərini həyata keçirir. Erməni separatçıları da prinsip etibarı ilə Azərbaycan məhkəmələri tərəfindən mühakimə olunduqları üçün onlara da hüquqi cəhətdən əfvin düşməsi mümkündür”.
Həmsöhbətimiz qeyd edib ki, onlar bağışlanmaları üçün Azərbaycan Prezidentinə müraciət edə bilərlər:
“Amma hesab edirəm ki, Azərbaycan Prezidenti həmin şəxslərin məsuliyyətə cəlb olunması yolunda göstərilən fəaliyyəti nəzərə alaraq, onların bağışlanmasını həyata keçirməyəcək. Yəni, hüquqi cəhətdən həmin şəxslərin əfvi mümkün olsa da, onlara münasibətdə amnistiyanın tətbiqi qeyri-mümkün hesab olunur. 1994-cü ildə qəbul olunan “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” qanuna görə, 1990-cı ilin yanvarın 19-20-də Bakıya sovet qoşunlarının qanunsuz yeridilməsilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımı cinayətlərində, habelə Azərbaycan torpaqlarının erməni silahlıları tərəfindən işğalında təqsirli olan şəxslər barəsində amnistiya aktının tətbiqi qadağan olunur. Amma bağışlanmaq hüquqi tətbiq edilə bilər. Hesab edirəm ki, bu qanunu nəzərə almaqla həmin şəxslərin bağışlanması hüquqi cəhətdən mümkün olsa da, faktiki mümkün deyil”.
Qeyd edək ki, separatçılıqda ittiham olunaraq həbs edilən erməni separatçılarının məhkəmə prosesi başa çatmaq üzrədir. Proses artıq son hökmün oxunmasına doğru gedir. Azərbaycan baş prokuroru Kamran Əliyevin açıqlamasına görə, hazırda prokurorluqda son ittihamlar üzərində iş gedir.