“Azərbaycan diasporu böyük bir yolun başlanğıcındadır” - Vilayət Quliyev
15-08-2022, 11:44
164

“Azərbaycan diasporu böyük bir yolun başlanğıcındadır” - Vilayət Quliyev

Bu ilin 2-8 avqust tarixlərində Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi maraqlı məqamlarla yadda qalıb. Tarixdə ilk dəfə Azərbaycanın mədəniyyət paytaxtında təşkil olunan düşərgədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri olub.
 
Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, sabiq xarici işlər naziri, peşəkar diplomat Vilayət Quliyev Şuşadakı qurultay və diaspor fəaliyyəti ilə bağlı fikirlərini  bölüşüb.
 
Səfir bildirib ki, diapor gəncləri üçün yay məktəbi uğurlu ideyadır: “Dünyanın müxtəlif ölkələrində olan, fərqli dillərin və mədəniyyətlərin əhatəsində yaşayan, amma hər vasitə ilə öz milli-mədəni simasını qoruyub saxlamağa çalışan Azərbaycan gəncliyi bu yolla ölkəmizlə, onun uğur və problemləri ilə yaxından tanış olmaq imkanı əldə edir.
 
Vətənlə təmas antik mif qəhrəmanı Anteyin ana torpaqla təması kimidir. İnsan hər belə təmasdan güc və qüvvət alır, mübarizlik əzmi artır. Bu mənada Diasporla iş üzrə Dövlət Komitsinin müəyyən çətinliklərə baxmayaraq, bu ilki yay məktəbinin məşğələlərini türk dünyasının mədəniyyət mərkəzi, hər birimiz üçün Yer üzünün ən müqəddəs və sevimli guşəsi Şuşada təşkil etməsi xüsusilə təqdirəlayiqdir".
 

 
V.Quliyev diaspor gəncləri ilə görüşündən söz açaraq deyib:
 
"Mən diplomat həmkarlarım – Azərbaycanın Macarıstan və Polşadakı keçmiş səfiri, görkəmli ziyalı və dövlət xadimi Həsən Həsənov və ölkəmizin Avropa Şurası yanındakı daimi nümayəndəsi Fəxrəddin İsmaylov, habelə XİN və Diaspor komitəsinin məsul əməkdaşları ilə birlikdə “Xalq diplomatiyası və lobbiçilik fəaliyyətində diaspor qurumlarının rolu” mövzusunda paneldə iştirak etdim. Dinləyicilər qarşısında çox geniş spektrdə fikirlərimizi bölüşdük, onları maraqlandıran çoxsaylı suallara cavab verdik. Auditoriya kifayət qədər fəal və canlı idi. Hiss olunurdu ki, gənclər müzakirə olunan məsələlərlə yaxından maraqlanırlar, imkandan yararlanıb daha çox şey öyrənmək, özləri üçün qaranlıq qalan suallara cavab tapmaq istəyirlər. Uzun müddət xaricdə yaşayan hər bir insan üçün ən böyük risk kosmolitizmdir. Milli bünövrədən qopub ayrılmaq, ana dilini unutmaq və yad mədəniyyətin təsiri altına düşməkdir. Xoşbəxtlikdən bu qorxulu meyli tədbir iştirakçıları olan gənclərimizdə hiss etmədim. Onların əksəriyyəti Azərbaycan dilində sərbəst danışırdılar, bəlli bir bilik ehtiyatına malik idilər. Ölkəmizdə cərəyan edən proseslər, qədim və çağdaş Azərbaycan tarixi ilə yaxından maraqlandıqları suallarından aydın görünürdü".
 
Diplomatın sözlərinə görə, Azərbaycan diasporu böyük bir yolun başlanğıcındadır:
 
"İndi bizdə mahiyyət etibarı ilə yeni diaspor formalaşır. Həm də dediklərim gənclərə daha çox aiddir. Onların əksəriyyəti yaxşı təhsil görüb, yaşadığı ölkənin dilini bilir, həmin ölkənin ictimai-siyasi və mədəni həyatında qüvvə və imkanı daxilində iştirak etməyə çalışır. Bu diaspor taleyin bir parça çörək üçün aparıb çıxardığı təsadüfi, nabələd yerdə yaşamır. Əksinə, şüurlu seçim edib, məqsədləri və gələcək karyeraları üçün, yaxşı təhsil almaq və həyatda mövqe qazanmaq üçün öz nöqteyi- nəzərlərindən ən uyğun ölkələri seçiblər. Ona görə də yay məktəbinin dinləyicisi olan hər bir diaspor üzvünə daha böyük tələb və gözləntilərlə yanaşmaq, onlardan Azərbaycan naminə daha böyük işlər gözləmək üçün əsasımız var.  
 
Bu müqəddəs Vətən borcunun yerinə yetirilməsində xaricdə yaşayan hər bir soydaşımıza uğur arzulayıram. Ümid edirəm ki, çox maraqlı və faydalı proqram üzrə qurulmuş yay məktəbində əldə etdikləri bilik və təcrübə gələcək fəaliyyət prosesində onların işlərinə yarayacaq”.
 

 
Qeyd edək ki, 2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları hər zaman tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə, ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər.
 
Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi “Cümhuriyyətin 100 illiyi” şüarı altında Şəkidə, “Nəsimi-650” II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.

Oxşar xəbərlər