Paşinyan üçün təhlükə artır – ASALA baş naziri öldürə biləcəkmi?
7-11-2023, 09:46
162

Paşinyan üçün təhlükə artır – ASALA baş naziri öldürə biləcəkmi?




“Ermənistandakı Paşinyan hakimiyyətini təhdid edən ASALA öz gücünü 30 il əvvəl itirib. Onun qalıqları 90-cı illərdə Birinci Qarabağ müharibəsində döyüşürdülər. Müharibədən sonra isə ASALA hərbi-siyasi bir qurum kimi birləşib fəaliyyətə başlaya bilmədi”.

 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.

Xatırladaq ki, ASALA baş nazir Nikol Paşinyanı qondarma “Artsax”ı itirməkdə, habelə erməni dövlətçiliyinin məhv edilməsində ittiham edib.

N. Şəfiyevin fikrincə, terror təşkilatı sadəcə siyasi gündəmə qayıtmaq istəyir:

“Paşinyanın tərəfdarları nə qədər çoxdursa, onun əleyhdarları da kifayət qədərdir. Təəssüflər ki ermənilərdə qonşulara nifrət, “Böyük Ermənistan” xülyası aradan qalxmır. Paşinyan siyasəti buna ziddir. Əslində, imkanı olsaydı, əks siyasəti davam etdirərdi.

Ermənistanın baş naziri Azərbaycanın gücünü görəndən və “dəmir yumruq” başına dəyəndən sonra anladı ki, absurd iddialar irəli sürmək məğlubiyyətə gətirib çıxarır. Ona görə də indi kommunikasiyaların açılması, Azərbaycanla münasibətlərin qurulması, sülh müqaviləsinin imzalanması, delimitasiya və demarkasiyanın aparılmasından dəm vurur. O artıq anlayır ki, Ermənistanı başqa cür qoruyub saxlamaq mümkün deyil”.

N. Şəfiyevin sözlərinə görə, Ermənistan xarici qüvvələrdən asılı bir dövlətdir:

“Ermənistanda Rusiyanın nüfuzunun daha da artmasını istəyən qüvvələr var. Amma onlar çətin ki, ASALA adı ilə çıxış etsinlər. Çox güman ki, bu qüvvələr daha çox siyasi metodlara əl atacaqlar. Çünki artıq hərbi metodla nələrinsə həyata keçirilməsi mümkün deyil.

Düşünürəm ki, ASALA-nın bəyanatına baxmayaraq, bu gün Ermənistan cəmiyyətində Paşinyanı devirməyə qadir olan qüvvə yoxdur”.

Siyasi analitik Zərdüşt Əlizadə də əmindir ki, ASALA-nın Paşinyanı təhdid etməsi sadəcə səfehlikdir:

“Doğrudur, erməni tarixi terror aktları ilə zəngindir, lakin bütövlükdə ASALA Paşinyan hökumətinə qarşı heç nə edə bilməz, çünki zəifdir”.

Oxşar xəbərlər