Bəhruz Məhərrəmov: Azərbaycan BMT missiyanın Qarabağa gəlişinə şərait yaratmaqla xoş niyyətini göstərdi
1-10-2023, 15:07
23

Bəhruz Məhərrəmov: Azərbaycan BMT missiyanın Qarabağa gəlişinə şərait yaratmaqla xoş niyyətini göstərdi




Azərbaycan BMT missiyanın Qarabağa gəlişinə şərait yaratmaqla xoş niyyətini göstərdi. Azərbaycan tərəfinin razılığı ilə erməni əsilli sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirmək üçün BMT missiyasının Qarabağa gəlməsi bir daha göstərdi ki, Azərbaycan beynəlxalq hüququn aliliyini və ümumbəşəri dəyərləri rəhbər tutur.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Bəhruz Məhərrəmov deyib ki, rəsmi Bakı şəffaflığı təmin etməklə göstərməkdədir ki, 23 saatlıq antiterror tədbirləri və sonrakı dövrdə beynəlxalq ictimaiyyət qarşısında aciz qalacağı sual, gizlətmək istəyəcəyi məqam yoxdur: “Əksinə, mülki insanlarla humanitar hüquq çərçivəsində ləyaqətli formada davranmaqla Azərbaycanın özünün beynəlxalq təsisatlara, o cümlədən BMT-yə öyrədəcəyi çox şey, göstərəcəyi çox nümunələr var. Bu mənada 30 il separatizm qarşısında susan, işğal və təcavüzlə bağlı Təhlükəsizlik Şurası qətnamələrini icra etməkdə aciz qalmış, qərarları yalnız Azərbaycanın özü tərəfindən hərbi-siyasi yolla təmin olunan BMT-nin Qarabağda müşahidələri obyektiv olacağı halda nəinki Bakını narahat etmir, əksinə, maraqlarımıza uyğundur. Çünki əsas həssas məqam olan ermənilərin köçü prosesində Azərbaycanın hər hansı formada təzyiq və təşviqindən söhbət gedə bilməz”.

Deputat qeyd edib ki, Qarabağdan köçməkdə olan ermənilər özləri də həm Azərbaycanda, həm də Ermənistanda media qurumları ilə söhbətdə bir nəfər kimi heç bir təzyiqlə üzləşmədiklərini və Azərbaycanı könüllü tərk etdiklərini bəyan edirlər: “İki gün öncə Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşdə hətta ermənilər Azərbaycan dövlətinə humanist davranışlara görə təşəkkür edib. Artıq Azərbaycan vətəndaşlığı üçün müraciət edən xeyli sayda erməni var. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da ötən gün rəsmən məlumat yayıb ki, Qarabağı tərk edən ermənilərin pis rəftara məruz qalması ilə bağlı heç bir məlumat yoxdur. Bir sözlə, proseslər şəffaf və aydın formada, Azərbaycanın beynəlxalq hüquqa hörməti, ümumbəşəri dəyərlərə sədaqəti çərçivəsində inkişaf edir. Qarabağda yaşamaq, Azərbaycan cəmiyyətinə reinteqrasiya etmək istəməyən ermənilər isə ya Ermənistan tərəfindən 30 il ərzində Qarabağa Yaxın Şərqdən qanunsuz formada köçürülən miqrasiya cinayətinin ortaqlarıdır, ya da Ermənistanın nifrət və düşmənçilik təbliğatının əsirinə çevrilərək Azərbaycan bayrağı altında yaşamaq istəməyən ermənilərdir. Köçənlərin digər qismi isə Ermənistan hakimiyyəti və Qarabağdakı separatçı rejimin təzyiqləri ilə Qarabağdan çıxanlardır. Ermənistanda bir qisim qüvvələr Qarabağdan köçənlərə Paşinyan iqtidarına qarşı istifadə etmək üçün, hökumət isə Azərbaycana "etnik təmizləmə" ittihamı irəli sürmək üçün potensial alət kimi baxır. Maraqlıdır ki, Qərbin bir sıra subyektləri, xüsusən Almaniya və Fransa situasiyadan faydalanmaq niyyətindədir. Əslində bu dövlətlər üçün erməni amili önəmli deyil, önəmli olan Cənubi Qafqazın əsas güc sahibi olan Azərbaycana münasibətdə rıçaqlar əldə etməkdir. Bu mənada əslində Ermənistan Azərbaycandan yox, Almaniya, Fransa kimi subyektlərdən müdafiə olunmalıdır. Qarabağa səfər edən BMT-nin müşahidə missiyası da ilk növbədə təşkilatın məqsəd və prinsiplərindən çıxış etməlidir”.

Oxşar xəbərlər