Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir”
20-09-2023, 08:44
20

Hikmət Hacıyev: “Azərbaycan Qarabağın erməni sakinlərini xunta rejimindən azad etmək niyyətindədir”


“Azərbaycanın niyyəti Qarabağın erməni sakinlərini girov olduqları xunta və marionet rejimdən azad etməkdir”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“Azərbaycanın məqsədi hərbi infrastrukturun tərksilah edilməsi, eləcə də Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni siyasi sistemin ləğv edilməsidir ki, bu da Qarabağ ermənilərinin sülh yolu ilə Azərbaycanın ictimai həyatına reinteqrasiyasına daha çox imkan verəcək”, - deyə H.Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi təəssüflə qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış Üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan silahlı qüvvələri ölkənin suveren ərazilərində qalmaqda davam edir.

O, həmçinin qeyd edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinə milyonlarla mina basdırıb və dinc əhaliyə qarşı təxribat törətməkdə davam edir.

Belə bir təxribat nəticəsində son olaraq mülki şəxslər və polis əməkdaşları da daxil olmaqla altı nəfər həlak olub. Bununla əlaqədar, Azərbaycan Qarabağ bölgəsində qanunsuz hərbi strukturların zərərsizləşdirilməsi üçün lokal antiterror tədbirlərinə başlayıb.

H.Hacıyev vurğulayıb ki, terrorçular Qarabağda dinc əhalidən qalxan kimi istifadə edir və mülki obyektlərin yanında bilərəkdən hərbi obyektlər quraşdırırlar.

Oxşar xəbərlər