Dünya mətbuatı Türkiyədəki seçkilərdən yazır: Ərdoğan üçüncü onillikdə
16-05-2023, 13:09
24

Dünya mətbuatı Türkiyədəki seçkilərdən yazır: Ərdoğan üçüncü onillikdə





Dünya mətbuatı Türkiyədəki seçkilərdən yazır.

Publika.az xəbər verir ki, Türkiyədə keçirilən 13-cü prezident seçkiləri dünya mətbuatının böyük marağına səbəb olub. Bir çox məşhur televiziya kanalları, qəzet və saytlar sözügedən seçkiləri 2023-cü ilin ən səs-küylü hadisələrindən biri kimi təqdim edərək, hər gün mütəmadi olaraq izləyicilərə yeni informasiyalar çatdırır.

Onlardan bir neçəsini təqdim edirik:

Xəbərə “Ərdoğan Türkiyədə seçkilərlə bağlı proqnozları alt-üst etdi” kimi başlıq verən "Economist" (ingilis mətbuatı) hadisələri bu cür qiymətləndirib:

“Nəticələr 49,4 faiz səs toplayan Ərdoğanı ikinci tura məcbur etmək üçün kifayətdir. Lakin müxalifətin səsi Kılıçdaroğlunun gözlədiyindən xeyli aşağı olub. Üçüncü namizəd, millətçi Sinan Oğan isə 5,2% səslə gözlənilməz şəkildə güclü nəticə əldə etdi".

"Əl-Cəzirə" kanalı Sinan Oğanın seçkinin ikinci turunda həlledici rol oynaya biləcəyini yazıb. "Oğan prezidentlik yarışından kənarda qalıb, lakin onun hansı namizədi dəstəkləməsi seçkilərin taleyini həll edəcək", - məlumatda deyilir.

ABŞ-da yerləşən "Bloomberg" agentliyi "Ərdoğan üçüncü onillikdə hakimiyyətə hazırlaşır" başlığı ilə oxucularının qarşısına çıxıb və Ərdoğanın qələbəyə yaxın olduğunu bildirib.

“Prezidentin və başçılıq etdiyi partiyanın güclü fəaliyyəti onun indiyədək üzləşdiyi ən çətin siyasi problemin öhdəsindən gəlməyə hazır olduğunu göstərir”, - CNN-in məlumatında deyilir.

“Washington Post”un “Türkiyə seçkiləri ikinci tura getdiyi üçün Ərdoğan üstünlüyə sahibdir” başlıqlı xəbərində Ərdoğanın ilk turu rəqibindən öndə başa vurduğu bildirilir.

Hindistanda yerləşən “India Today” qəzeti “Türkiyə ikinci turla qarşı-qarşıyadır, Ərdoğan sürət qazanır” başlığından istifadə edib və onun üstün olduğunu yazıb.

Yunanıstanın "Kathimerini"si “Türkiyəni Ərdoğanın liderliyində ikinci tur seçkilər gözləyir” başlığı ilə oxucularının qarşısına çıxıb.

Yunanıstanın daha bir saytı In.gr isə “Ərdoğan ikinci turda favoritdir” başlığı ilə oxucularının diqqətini çəkib

Oxşar xəbərlər