Ölkə / Cəmiyyət / Təhsil
12-05-2023, 15:24
72
Ali məktəbi qırmızı diplomla bitirənlərə əlavə hüquq veriləcək?
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli ali məktəbi qırmızı diplomla bitirənlərin səlahiyyət və hüquqlarının genişləndirilməsini təklif edib.
“Report”un məlumatına görə, vitse-spiker çıxışında bildirib ki, bu gün qırmızı diplomun mənası itib, heç kimə lazım deyil.
Onun sözlərinə görə, ali məktəbləri qırmızı diplomla bitirənlərin zəhmətinə laqeydlik göstərilir:
“Mütləq onlara hansısa üstünlük verilməlidir. Misal olaraq, universiteti bitirib, dərin təhsil alıb və hər şey qaydasındadır, mürəkkəbi qurumamış diplomu ilə yenidən harasa işə düzəlmək üçün imtahan verir. Bax, bu məsələ nəzərə alınmalıdır. Elm və Təhsil Nazirliyinə müraciət edəndə qanuna istinad edilir. Təklif edirəm ki, dəyişikliklərin siyahısına ali məktəbi qırmızı diplomla bitirən məzunların səlahiyyət və hüququnu genişləndirən imkan yaradaq. Bu, bir tarixdir və bunu bərpa etməliyik. Yoxsa tələbə niyə cəhd edib qırmızı diplom alsın?! Etiraf edək ki, bu gün qırmızı diplom qızlar üçün cehizə, oğlanlar üçünsə arxivə çevrilib”.