
İqtisadiyyat
24-01-2026, 12:34
64
Azərbaycanda yanacaq balansı dəyişib: Səbəbi nədir?
Son aylarda açıqlanan rəsmi statistika Azərbaycanın yanacaq bazarında fərqli istehsal dinamikasını ortaya qoyur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 13,8 min ton “Aİ-95” markalı avtomobil benzini istehsal edilib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 45,02 faiz azdır.
Eyni zamanda, dizel yanacağı istehsalında artım müşahidə olunur. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 milyon 329,1 min ton dizel yanacağı istehsal edilib. Bu göstərici 2024-cü ilin 11 ayı ilə müqayisədə 18,4 faiz çoxdur. Bəs bu nə ilə əlaqədardır?

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, hazırkı statistik göstəricilər benzinə və ya dizelə tələbatın azalması ilə izah olunmamalıdır. Onun sözlərinə görə, hazırda ölkə daxilində hər iki yanacaq növü üzrə tələbat sabitdir: “Aİ-92” markalı avtomobil benzininə aylıq tələbat 120–130 min ton civarındadır. Səyahət mövsümündə, xüsusilə yay aylarında bu göstərici 150–160 min tona qədər yüksəlir. “Aİ-95” markalı benzinə olan aylıq tələbat isə təxminən 10 min ton səviyyəsində qalır. Dizel yanacağına aylıq tələbat isə 160–180 min ton arasında dəyişir”.
Z. Vəliyevin fikrincə, məhz bu göstəricilər fonunda dizel istehsalının artırılması zəruri hesab olunur. Onun sözlərinə görə, dizeldə istehsal artımı bir neçə əsas faktorla əlaqəlidir. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı tikinti və bərpa işləri dizel yanacağına tələbatı əhəmiyyətli dərəcədə artırıb. Tikinti texnikası, ağır yük maşınları və infrastruktur layihələrində istifadə olunan avadanlıqlar əsasən dizel yanacağı ilə işlədiyi üçün bu sahədə istehlak artımı qaçılmazdır.
“Regionu yanacaqla biz təmin edirik”
Ekspert əlavə edib ki, Rusiya-Ukrayna müharibəsi fonunda ixrac və tranzit marşrutlarında baş verən dəyişikliklər də daxili yükdaşımaların həcminə təsir göstərib: “Beynəlxalq daşımaların bir hissəsinin alternativ marşrutlara yönəlməsi ölkə daxilində logistika fəallığını artırıb. Bu isə dizel yanacağına olan tələbatın yüksəlməsinə səbəb olub. Region ölkələrində də həm benzin, həm də dizel yanacağı ilə bağlı təchizat problemləri müşahidə olunur. Rusiyanın emal zavodlarının zərbə altına düşməsi və ixrac imkanlarının məhdudlaşması Qara dəniz regionu, Mərkəzi Asiya və Cənubi Qafqazda yanacaq təminatında çətinliklər yaradıb”.

“Dizel daha sərfəlidir”
Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti Emin Qəribli isə məsələyə daha çox istehlak və qiymət amilləri prizmasından yanaşır. Onun sözlərinə görə, dünyada olduğu kimi Azərbaycanda da benzin nisbətən baha yanacaq növü hesab olunur və bu da alternativ enerji mənbələrinə marağı artırır: “Son illər ekoloji təmiz avtomobillərin sayının artması benzinlə işləyən avtomobillərə marağı müəyyən qədər azaldıb. Bu proses benzinə olan tələbatın azalması kimi qiymətləndirilə bilər”.
E.Qəribli dizel yanacağının artan rolunu isə onun daha qənaətli olması ilə izah edir. Onun sözlərinə görə, dizel yanacağı ilə işləyən avtomobillər və texniki avadanlıqlar yanacaq sərfiyyatına görə daha əlverişli hesab olunur: “Bu səbəbdən həm fərdi istifadəçilər, həm də təsərrüfat subyektləri dizelə üstünlük verirlər. Xüsusilə kənd təsərrüfatında dizel yanacağından geniş istifadə olunması bu sahədə tələbatın yüksək qalmasına təsir göstərir”.




