
Dünya / Siyasət
5-01-2026, 10:17
47
Maduronun ələ keçirilməsi əməliyyatı: İnanılmaz DETALLAR
ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu heç bir itki vermədən ələ keçirməsinin detalları hələ də əsas müzakirə mövzularından biridir. Necə oldu ki, bir ölkənin xüsusi təyinatlı qüvvələri digər ölkənin prezidentini ciddi müqavimətlə üzləşmədən həbs edə bildi?
Əməliyyat aylar öncəsindən hazırlanıbmış. Amerikalı casuslar bir neçə ay ərzində Maduronun bütün hərəkətini izləyib. Venesuela hökumətində ABŞ tərəfindən ələ alınmış mənbənin də daxil olduğu kiçik qrup 63 yaşlı prezidentin harada yatdığına, nə yediyinə, hansı platarı geyindiyinə qədər hər şeyi araşdırıb.

Dəqiq detallar öyrənildikdən sonra yüksək rütbəli hərbçilər əməliyyatın başlaması üçün ideal şəraiti gözləyib. Tramp 4 gün əvvəl əməliyyata icazə versə də, hava şərtlərinə görə hücum 3 yanvarda gerçəkləşib.
Amerikalı general Dem Keyn bildirib ki, Milad və Yeni il bayramlarından əvvəl əməliyyat qrupu – həm kişi, həm qadın hərbçilər hazır vəziyyətdə prezidentin əmrini gözləyirdilər. ABŞ prezidenti əməliyyata başlamaq əmrini cümə günü saat 22:46-da verib. General Keyn deyib: “O (Donald Tramp) bizə dedi: “Uğurlar, Tanrı sizinlə olsun”.
Hücum əmri gecə yarısından bir qədər əvvəl verildi və orduya əməliyyatın böyük hissəsini qaranlıqda keçirmək imkanı yaradıldı. Daha sonra dünyanı şoka salan iki saat iyirmi dəqiqəlik hava, quru və dəniz hücumu başlandı. Əməliyyat miqyas və dəqiqlik baxımından ağlasığmaz hesab olunur. Əməliyyatı Florida ştatının Vest Palm Biç yaxınlığındakı Mar-a-Laqo iqamətgahından izləyən Trampın bir tərəfində Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, digər tərəfində dövlət katibi Marko Rubio əyləşib.

Son aylarda ABŞ bölgəyə böyük hərbi kontingent yerləşdirmişdi, bunun fonunda Maduroya ritorik müstəvidə ittihamlar yağıdırırdılar. Bu, mümkün hücumla bağlı gözləntilər yaratmışdı. Amerikalı rəsmilərin məlumatına görə, əməliyyata bombardmançı, qırıcı və kəşfiyyat də daxil olmaqla 150 təyyarə cəlb edilib. Tramp “Fox News”a müsahibəsində bunu “inanılmaz dərəcədə mürəkkəb əməliyyat” adlandırıb.

Daniela adlı şahid deyib ki, saat 01:55 radələrində parlayış səsinə yuxudan oyanıblar: “Hər yer tamamilə qaranlığa qərq olmuşdu, yalnız ətrafdakı partlayışların işığı görünürdü. Hər kəs çaşqınlıq içində idi”.

Əməliyyatı ABŞ ordusunun ən elit bölməsi olan “Delta Force” həyata keçirib. General Keyn deyib ki, əməliyyat qrupu tam silahlanmışdı və lazım gələrsə, Maduronun evinin metal qapılarını kəsmək üçün qaz məşəli götürmüşdülər. Əməliyyat qrupu hücum başladıqdan qısa müddət sonra Maduronun iqamətgahına çatıblar.
“Əməliyyat qrupu Maduronun iqamətgahına daxil oldu, sürət və dəqiqliklə hərəkət etdilər”, - general bildirib.


