
Dünya
25-10-2025, 13:24
99
Avropanı qorxuya salan təhlükə: Plan hazırlanır
Avropanın təhlükəsizliyi qitənin əsas prioritetləri sırasındadır. Rusiyanın Ukraynada başlatdığı müharibə, işğalın günbəgün genişlənməsi Avropanı da narahat edir. Rusiya dronları Avropa üzərində uçur, nəticədə təyyarə reysləri təxirə salınır, hətta onlar NATO hərbi bazaları üzərində də görünməyə başlayıb. Bu da Avropa İttifaqı (Aİ) ölkələrini təxirəsalınmaz addımlar atmağa məcbur edir. Sanksiyalar Rusiyanın aqressiv hərəkətlərinin qarşısını ala bilmir. İndiyə qədər 19 sanksiya paketi tətbiq olunsa da, Kreml geri çəkilənə oxşamır.
Avropanın müdafiə imkanlarını gücləndirəcək plan
Aİ preventiv addım kimi quruma üzv dövlətlərdə "Sülhün qorunması – 2030 Müdafiə Hazırlığı yol xəritəsi" planını təqdim edib. Plan Avropanın müdafiə imkanlarını gücləndirməyə yönəlib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen planla bağlı nikbin əhval-ruhiyyədədir. O bildirib ki, son təhdidlər Avropanın risk altında olduğunu göstərir: “Biz hər bir vətəndaşı və ərazimizin hər santimetrini qorumalıyıq. Avropa vahid, həmrəy və qətiyyətlə hərəkət etməlidir. Yol xəritəsi 2030-cu ilə doğru yolda ümumi məqsədləri və konkret mərhələləri özündə ehtiva edən aydın plandır".


Aİ-nin müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus bildirib ki, qurumun yeni yeddi illik büdcəsində hərbi və kosmik məqsədlər üçün 131 milyard avronun ayrılmasını təklif edib ki, bu da əvvəlki dövrlə müqayisədə (25,5 milyard avro) beş dəfə çoxdur. Yeni büdcə planı 2026-cı ilin sonunadək Aİ-nin bütün ölkələri tərəfindən təsdiqlənməlidir. Andrius Kubiliusun sözlərinə görə, ittifaqa üzv bütün dövlətlər 2028-ci ilədək hərbi xərclərini ümumdaxili məhsullarının azı üç faizinə çatdırsalar, Aİ ölkələrinin 2028–2035-ci illər üçün hərbi xərcləri 4,2 trilyon avroya çata bilər.
“Reuters”in məlumatına görə, əvvəlcə Aİ-nin şərq sərhədlərinin müdafiəsi üçün nəzərdə tutulmuş "dron divarı"nın yaradılması təşəbbüsünü genişləndirmək təklif edilir. Agentliyin bildirdiyinə görə, qərar bəzi regionların özlərini “məhrum hiss etdiklərini bildirməsindən" sonra qəbul edilib. "Yol xəritəsi”ndə pilotsuz uçuş aparatlarına qarşı sistemlər kimi əsas sahələr üçün imkanlar, məqsədlər və mərhələlər müəyyən ediləcək.


Xatırladaq ki, NATO-nun iyunda keçirilən Haaqa sammitində 32 ölkədən ibarət alyans 2035-ci ilədək ÜDM-nin 5 faizini müdafiəyə xərcləmək öhdəliyi götürüb. İndi isə bu hədəfə necə çatmaq əsas müzakirə mövzusuna çevrilib. Avropalılar müdafiə xərclərinin artırılmasının ABŞ ilə münasibətlər üçün yaxşı olduğunu anlayırlar, amma məyusluq da var. Adının çəkilməsini istəməyən avropalı diplomatlardan biri mediaya deyib ki, Ukraynaya ABŞ silahının NATO vasitəsilə verilməsi optimal seçim deyil. Çünki bu halda Aİ ölkələri "iki dəfə ödəniş etməli olur: birinci ABŞ müdafiə sənayesi, sonra isə özləri üçün". Hazırda ən təcili məsələ isə Avropanın havadan və raketlərə qarşı müdafiəsinin inteqrasiyasıdır. NATO-nun Baş katibi Mark Rutte qarşıdakı illərdə alyansın havadan müdafiə xərclərini 400 faizədək qaldırmalı olduğunu deyib.
Cənubi və Qərbi Avropa ölkələrinin narahatlıqları, regional prioritetlərin balanslaşdırılması və büdcə məsələləri bu təşəbbüsün taleyini müəyyən edəcək. Əgər Brüssel bu mexanizmi bütün qitəni əhatə edən inklüziv və adaptiv sistemə çevirə bilsə, “dron divarı” qitənin təhlükəsizlik tarixində yeni mərhələnin başlanğıcı olacaq. ("Kaspi" qəzeti)


