İSRAİLDƏ SİYASİ GƏRGİNLİK PİK HƏDDİNƏ ÇATDI – "Vətəndaş müharibəsi tam realdır"
27-03-2023, 11:49
39

İSRAİLDƏ SİYASİ GƏRGİNLİK PİK HƏDDİNƏ ÇATDI – "Vətəndaş müharibəsi tam realdır"



"Ya dünyəvi-sekulyar yəhudilər qatı dindar yəhudiləri əzəcək, ya da ultraortodokslar sekulyarları əzib, dini rejim quracaq"
Ötən gecə on minlərlə israilli küçələrə çıxaraq Baş nazir Benyamin Netanyahunun müdafiə naziri Yoav Qalantı qəfil vəzifədən kənarlaşdırmasına etirazını bildirib. Etirazçılar Təl-Əvivdə əsas magistral yolu bağlayıb, böyük tonqallar qalayıblar. Polis Netanyahunun Qüdsəki şəxsi evinin qarşısına yığışan etirazçılarla toqquşub.
Xatırladaq ki, bir aydır Netanyahunun məhkəmə sistemində islahatlar planı ölkədə iğtişaşlara, kütləvi etirazlara səbəb olub. Plan biznes liderlərinin, keçmiş təhlükəsizlik rəsmilərinin, ABŞ və digər müttəfiqlərin narahatlığına səbəb olub.
Netanyahunun ofisi bazar günü axşam qısa açıqlama ilə nazir Qalantın vəzifədən kənarlaşdırıldığını bildirib.
“Biz imtinaya qarşı güclü olmalıyıq”, – Netanyahu tvitində yazıb.
Müxalifət lideri Yair Lapid deyib ki, Qalantın kənarlaşdırılması milli təhlükəsizliyə zərbədir və bütün müdafiə rəsmilərinin xəbərdarlıqlarını gözardı edir. İsrailin Nyu York şəhərindəki baş konsulu Assaf Zamir etiraz əlaməti olaraq istefa verib.
Şin Bet təhlükəsizlik agentliyinin keçmiş rəisi Avi Dixterin Qalantı əvəzləyəcəyi gözlənir.

Netanyahunun bu qərarı onu göstərir ki, baş nazir və müttəfiqləri bu həftə planın gerçəkləşməsi yönündə addımlar atacaq. Qalant hakim Likud partiyasının plana qarşı çıxan ilk aparıcı üzvüdür. O deyib ki, dərin fikir ayrılıqları ordunu zəiflədə bilər.
Mədəniyyət naziri, Netanyahunun müttəfiqi Miki Zohar isə bazar günü deyib ki, Baş nazir məhkəmə islahatlarına fasilə qərarı versə, onu dəstəkləyəcəklər.
İsrail mediası Netanyahu koalisiyasının bu gün – martın 27-də səhər yığışacağını yazıb. Bu gün Qüdsdə Knesset (parlament) qarşısında daha bir kütləvi nümayiş gözlənir.
Siyasi təhlilçi Şahin Cəfərli İsraildə baş verən hadisələrlə bağlı deyib ki, qarşıdurmanın nəticəsi olaraq ya dünyəvi-sekulyar yəhudilər qatı dindar yəhudiləri (ultraortodoks) əzəcək, ya da ultraortodokslar sekulyarları əzib, Qalaxa qanunları əsasında dini rejim quracaq.
“Üçüncü yol görünmür, bu 2 tip yəhudilərin bir arada yaşamaq imkanları getdikcə tükənir”,- o qeyd edib.
Təhliçi əlavə edib ki, ultraortodoksların sürətli populyasiyası dünyəvi dövlət sistemi və sekulyar həyat tərzi üçün təhdiddir.
“Hazırkı böhran yoluna qoyulsa belə, "kim kimi" sualı gec-tez mütləq öz həllini tapmalıdır. Yəni vətəndaş müharibəsi tam real perspektivdir”,- Ş.Cəfərli vurğulayıb.
Siyasi ejspert Fuad Çıraqov isə bildirib ki, İsraildə baş verən etiraz aksiyalarına Bayden administrasiyası dəstək verir.
“Bunu Netanyahu iki dəfə açıq dedi. Müdafiə naziri vəzifəsindən azad ediləndən sonra Baş nazirlə təhlükəsizlik sistemi arasında qarşıdurma yaranıb. İsrail tarixində hələ belə şey olmayıb, Netanyahu çox ağır sınaqlardan çıxsa da, Obamanı aldatsa da heç vaxt belə çətin vəziyyət görməyib”,- o qeyd edib.

Oxşar xəbərlər