
Cəmiyyət
21-07-2025, 09:46
96
Sürətli qocalmanın ƏSAS SƏBƏBİ - Yaşadığınız yer sadəcə bir ünvan deyil
Dünyada nə qədər uzun yaşayacağınız və yaşlılıq dövründə hansı vəziyyətdə olacağınız yalnız qidalanma və genetik amillərlə deyil, eyni zamanda harada yaşadığınızla da sıx əlaqəlidir.
Bu barədə "Nature Medicine" jurnalında dərc olunmuş son tədqiqat nəticələrində deyilir.
Danimarka kimi inkişaf etmiş, ekoloji və sosial baxımdan əlverişli ölkələrdə yaşayan insanların digərlərinə nisbətən daha sağlam və uzunömürlü olduqları müəyyən edilib. Alimlər 40 ölkədə yaşayan təxminən 160 min nəfərə dair məlumatları araşdırıblar. Nəticə çox aydındır: yaşadığınız yer qocalma prosesini ya sürətləndirir, ya da ləngidir.
Bu məlumatlar eyni zamanda Afrika, Asiya və Cənubi Amerikadakı bəzi bölgələrdə sağlam qocalma göstəricilərinin aşağı olduğunu ortaya qoyub. Məsələn, Misir əhalisi dünyanın ən sürətli qocalan toplumlarından biri kimi qeyd olunub — onların bioloji yaşları, yəni bədənlərinin vəziyyəti, xronoloji yaşlarından orta hesabla 2,35 il daha böyükdür.
Bənzər vəziyyət Cənubi Afrika və Cənubi Amerikanın bəzi ölkələrində də müşahidə edilir. Avropa ölkələri isə əksinə, təbii və sağlam yaşlanma prosesində lider mövqedədirlər. Xüsusilə Danimarka bu sahədə birinci yeri alıb.
Alimlərəin fikrincə, hava keyfiyyəti, sosial bərabərlik, iqtisadi sabitlik, qadın hüquqlarının təmin olunması, seçkilərdə iştirak imkanı və siyasi azadlıqlar kimi amillər insanın yaşlanmasına güclü təsir göstərir. Bu faktorlar yalnız ömrü uzatmaqla kifayətlənmir, eyni zamanda həyatın keyfiyyətini müsbət istiqamətdə dəyişir.
Təəccüblü olan budur ki, sürətli qocalan insanlar gündəlik işləri yerinə yetirərkən 8 dəfə daha çox çətinlik çəkirlər və zehni bacarıqları 4 dəfə daha sürətli zəifləyir. Bu isə onların həyat keyfiyyətini və müstəqilliyini ciddi şəkildə məhdudlaşdırır.
Bu səbəbdən, yaşadığınız ölkə və mühitin insan sağlamlığı üçün nə qədər həlledici rol oynadığı bir daha sübut edilib. Yaşadığınız yer sadəcə bir ünvan deyil - gələcəkdə bədəninizin vəziyyəti, aktivlik səviyyəniz və sağlam qocalmanız üçün əsas faktordur.

