
Siyasət
10-10-2025, 11:44
83
Vətən müharibəsinin 14-cü günü - Ermənistan ordusunun ən bahalı radiolokasiya stansiyası məhv edilir
2020-ci il oktyabrın 10-u, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin on dördüncü günü.
Atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri əldə edilən razılığı kobud şəkildə pozur. Azərbaycanın Ağdam və Tərtər rayonları artilleriya atəşinə tutulur. Bir neçə saat sonra isə Ermənistan silahlı qüvvələri cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd göstərir. Gecədən etibarən səhər saatlarınadək Azərbaycan Ordusunun davam etdirdiyi hücum əməliyyatı nəticəsində düşmənin xeyli sayda canlı qüvvəsi, 13 ədəd tankı, dörd ədəd "BM-21" "Qrad" yaylım atəşli reaktiv sistemi, altı ədəd "D-20" və "D-30" topu, üç ədəd 2S3 "Akasiya" özüyeriyən artilleriya qurğusu, iki ədəd M55 "Zastava" zenit qurğusu, iki radiolokasiya stansiyası və radioelektron mübarizə vasitələri dəqiq atəşlə məhv edilir və sıradan çıxarılır. Bununla yanaşı, Ermənistan ordusunun bütün havadan müdafiə sistemini yönəldən, Xocalıda yerləşən ən bahalı 19J6 ("ST-68U") radiolokasiya stansiyası məhv edilir.
Ermənistan tərəfi mənfur xislətinə sadiq qalaraq, bu dəfə də döyüşləri cəbhə bölgəsindən kənara daşıyaraq dinc əhalini və mülki infrastrukturu hədəf alır. Belə ki, axşam saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonunun Çəmənli və Zəngişalı kəndləri ağır artilleriyadan intensiv atəşə tutulur. Top mərmisinin partlaması nəticəsində 1974-cü il təvəllüdlü, Çəmənli kənd sakini Gündüz Taryel oğlu Hüseynov həlak olur. Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri gecə saatlarından etibarən Tərtər şəhərini artilleriya atəşinə tutur. Bu bir daha bütün dünyaya nümayiş etdirir ki, Ermənistan rəhbərliyinin atəşkəs çağırışları riyakarlıqdan başqa bir şey deyil.
Müharibəni dinc əhaliyə və yaşayış məntəqələrinə zərər vurmadan aparan Azərbaycan Ordusu isə nəinki öz torpaqlarını işğaldan azad etməyə, doğma yurdundan didərgin salınan soydaşlarımızı ən qısa zamanda evlərinə qaytarmağı qarşısına məqsəd qoyur. Elə həmin gün Prezident İlham Əliyevin Rusiyanın RBK telekanalına müsahibəsində dediyi kimi:

Təbii ki, bu, müharibənin on dördüncü günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfindən olması, qələbəmizin növbəti təntənəsi kimi yadda qalır.
