
Siyasət
Dünən, 10:39
3
Əbu-Dabi görüşü: İrəvan 150 milyardın əvəzinə nələr verəcək?

“Əbu-Dabi görüşündə Paşinyan Əliyevə növbəti güzəşti edəcək”.
Bu barədə təhlükəsizlik və hərbi məsələlər üzrə erməni ekspert Hayk Nahapetyan deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev son çıxışında Ermənistanın vurduğu ziyanı təsadüfən səsləndirməyib.
Qeyd edək ki, Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə toplantısında çıxışı zamanı Ermənistanın işğal dövründə Azərbaycana 150 milyard dollara qədər ziyan vurduğunu açıqlayıb.
Erməni ekspert hesab edir ki, Azərbaycan Ermənistandan bu məbləğin ödənməsini tələb edir: “Ermənistan bunu ödəyə bilməsə, əvəzində başqa nəsə verəcək. Bizi təslim müqaviləsi imzalamağa, tamamilə təslim olmağa məcbur edirlər. Ermənistanın enerji sistemi və su ehtiyatları Azərbaycana veriləcək. Ermənistan dövlət kimi olmayacaq. Ermənistanda Türkiyə və Azərbaycanın maraqlarına xidmət edən parlament qüvvələri olacaq, daha sonra 1 milyon azərbaycanlı geri qayıdacaq. Sonda Turanın yaradılmasına mane olan Ermənistan ləğv ediləcək”.
H. Nahapetyan iddia edir ki, Ermənistan növbəti güzəştlər silsiləsinin ortasındadır.
“Əliyevin irəli sürdüyü tələblər var. Azərbaycanlıların geri qayıtması, Zəngəzur dəhlizinin açılması, Qarabağ döyüşlərində iştirak edən və Azərbaycanın cinayətkar hesab etdiyi şəxslərin Bakıya təhvil verilməsi, Ermənistan konstitusiyasının dəyişdirilməsi və digələri. Paşinyan bunları qəbul edəcək”, - o iddia edib.