Bakının dediyi olacaq: İrəvan Zəngəzur dəhlizi ilə bağlı qərarını dəyişdi
13-06-2024, 09:50
25

Bakının dediyi olacaq: İrəvan Zəngəzur dəhlizi ilə bağlı qərarını dəyişdi






Zəngəzur dəhlizi sülh müqaviləsi imzalanmazdan əvvəl açıla bilər.

Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert məsələ ilə əlaqədar Ermənistandan verilən son açıqlamaları şərh edib:

“Ermənistan Baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını tamamilə mümkün hesab etdiyini bildirib. Paşinyan bu cür kombinasiya haqda ilk dəfədir açıqlama verir.

“Praktiki addımlarla real dünya formalaşdırmaq, ondan sonra müqavilə imzalamaq mümkündür”, – deyən Nikol Paşinyan rəsmi Bakının maneəsiz keçid şərtini qəbul etməyə hazırdırmı?

Paşinyanın “praktiki addımlarla real dünya” haqda fikrini belə oxumaq mümkündür ki, baş nazir dəhlizlə bağlı əvvəlki fikirlərini korrektə etməyə hazırdır. Amerikalı diplomatlar Paşinyana məsləhət görüblər ki, Zəngəzur dəhlizinin açılmasını ləngitməkdə davam etsə, Azərbaycan İran ərazisindən keçən Araz dəhlizinə üstünlük verəcək. Bu, həm ABŞ-nin maraqlarına ziddir, həm də Ermənistanı Orta dəhliz layihəsindən kənarda qoyacaq.

Paşinyanın məlum açıqlamasından bir gün əvvəl Ermənistan parlamentinin sədri Alen Simonyan da dəhlizin açılması üçün neytral ölkələr və beynəlxalq təşkilatlardan birinin bu prosesə cəlb edilə biləcəyini söyləmişdi”.

Elxan Şahinoğlu qeyd edib ki, Paşinyan sülh müqaviləsi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını mümkün hesab etdiyini bildirsə də, yeni konsitusiyasının qəbulunu sonraya saxlayır:

“O rəsmi Bakının Ermənistan konstitusiyasının dəyişdirilməsiylə bağlı tələbini ölkəsinin daxili işlərinə qarışması kimi qiymətləndirib. Həmin konstitusiyada qonşu ölkələrə ərazi iddiaları varsa, bu, daxili məsələ deyil. Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə ərazi iddialarını əks etdirən bəndlər oradan götürülməyənə qədər bölgədə sülh və əməkdaşlıq mümkün deyil. Bu haqda Paşinyanın özünün də açıqlamaları var.

Aydındır ki, yeni konstitusiyanın qəbulu və referendumun müəyyənləşdirilməsi zaman tələb edir. Ancaq Azərbaycan və Türkiyənin gözləntisi qonşulara qarşı ərazi iddilarını əks etdirən konstitusiyanın dəyişdirilməsiylə bağlı İrəvanda müzakirələrin başlaması və bununla bağlı komissiyanın formalaşdırılmasıdır”.

Oxşar xəbərlər