Qərb Ermənistanı poliqona çevirir - Qafqazı “qan gölünə” çevirmək planı
14-11-2023, 09:59
33

Qərb Ermənistanı poliqona çevirir - Qafqazı “qan gölünə” çevirmək planı






“Ermənistanın Ukraynalaşdırılması”. Bu fikir Ermənistanın siyasi ekspert cameəsində intensiv şəkildə müzakirə edilir və bölgədə baş verənlər həqiqət payının olduğunu deməyə əsas verir. Prosesin təhlilində əsas açar nöqtə Ermənistanın nə istədiyi, lakin ona nəyin diktə edildiyidir.

Rəsmi İrəvanın mövqeyi sülh sazişinin imzalanmasından yanadır. Ermənistan bölgədəki mövcud reallıqları qəbul edir: Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Qarabağda separatizmə qarşı keçirilən antiterror tədbirlərində neytral mövqe sərgilədi, hətta İrəvana qaçan separatçıların “dövlətçik” oyunlarının təhlükəli olduğunu qəbul edir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə dair müəyyən fikir ayrılıqlarının olduğu bəllidir, xüsusilə kommunikasiyanın açılması, Naxçıvana maneəsiz keçidin verilməsi – Zəngəzur dəhlizi məsələsində. Hərçənd, coğrafi reallıqlar fonunda Ermənistan da anlayır ki, bölgədə gələcək mövcudluqları regionun bütün ölkələri üçün siyasi və iqtisadi dividentlər vəd edən bu layihədən asılıdır. Kənarda qalmaq tədricən zəifləməyə və yox olmağa səbəb olacaq. Paşinyanın “sülhün kəsişməsi” adlandırdığı layihəsi və ortaq mövqe tapmaq cəhdləri də bundan qaynaqlanır. Lakin Ermənistan hakimiyyətinin demək olar hər gün dəyişən ziddiyyətli mövqeyi və sülh üçün siyasi iradə nümayiş etdirə bilməməsi kənar diktələrlə bağlıdır.

Qərb cəbhəsi – ABŞ və Fransa geosiyasi maraqları naminə Cənubi Qafqazda sülhü əngəlləyir. Bu ölkələr Rusiya ilə mübarizədə Ermənistanı poliqon olaraq görürlər. Aydın görünür ki, Ermənistana Azərbaycanla sülh sazşini imzalamaqdan yayınacağı və anti-Rusiya mövqeyi qarşılığında konkret vədlər verilib.

- Paris İrəvanla hərbi saziş imzaladı: Ermənistanın silahlandırılmasına start verilib;
- Nikol Paşinyan mütəmadi olaraq Avropaya səfərlərə dəvət olunur: ötən ay Strasbuqrda olan erməni baş nazir Makronun “sülh konfransında” iştirak etmək üçün son olaraq Parisə uçdu və bütün bu səfərlərdə Azərbaycan ittiham edilir, Ermənistanın məğlubiyyətinə görə Rusiya günahlandırılır;
- Avropa İttifaqının Ermənistana “mülki missiya” adı altında yerləşdirdiyi müşahidəçilərin əslində hərbiləşmiş missiya olduğu ortaya çıxdı: Fransanın jandarma qüvvələri “müşahidəçi” adı altında bölgəyə yerləşdirilir;
- Aİ-nin missiyasının genişləndirilməsi prosesi davam edir, artıq təkcə ittifaqın yox, birbaşa NATO-nun missiyasına çevrilir: Kanadanın missiyaya qoşulması bunu təsdiq etdi və istisna deyil ki, ABŞ da prosesdə iştirak edəcək;
- NATO Ermənistan üzərindən Cənubi Qafqazda yerləşir: Kanadanın “missiyaya” qoşulmasına paralel olaraq, Ermənistanın müdafiə naziri Suren Papikyanın Şimal Alyansının mənil-qərargahında hərbi ittifaqın rəhbərləri ilə görüşməsi, Ermənistanla bağlı genişmiqyaslı hərbi proqramların həyata keçirilməsi hazırlığı prosesə start verildiyini göstərir;

Qərbin hərbi müstəvidə Ermənistan üzərindən Cənubi Qafqaza yerləşmək planının əsas hədəfi Rusiyaya qarşı strategiyadır. Lakin bu planın icrasının Bakı-İrəvan xətti üzərindən həyata keçirməyə çalışdıqları da bəllidir. Çünki NATO Ermənistanı yeni poliqona çevirmək istəyirsə, bu ölkənin müttəfiqlik öhdəlikləri sıradan çıxmalıdır, yəni İrəvan KTMT-dən və Rusiyadan uzaqlaşmalıdır, Gümrüdəki rus bazası çıxarılmalıdır. Bunun üçün Ermənistana bəhanələr lazım olacaq. Və bu ssenarinin Azərbaycana qarşı hərbi müstəvidə təxribatın törədilməsi, sərhəddə yeni eskalasiyanın yaradılması üzrə həyata keçiriləcəyi istisna edilməməlidir. Yeni esakalasiya nəticəsindəı İrəvan KTMT-nin və Rusiyanın “təhlükəsizlik öhdəliklərini” yerinə yetirmədiyini elan edəcək və uzaqlaşmasını rəsmiləşdirəcək, o cümlədən, rus bazasını ölkədən çıxarmağa çalışacaqlar. Aİ-nin müşahidə missiyası adı altında Ermənistana yerləşdirilən qüvvələr də Rusiya hərbçilərinin yerini tutacaq.

Bu ssenari Cənubi Qafqaza yeni müharibə, yeni qan vəd edir və ən böyük zərbə Ermənistana dəyəcək.

Birincisi, Ermənistanın istənilən təxribatına qarşı Azərbaycanın cavabı ağır olacaq və buna görə məsuliyyəti İrəvan, eləcə də təxribat planlarının arxasında dayanan Qərb qüvvələri daşıyacaq;
İkincisi, postsovet məkanında çoxsaylı “aldanmış kəvakib” hekayəsi mövcuddur: 2008-ci ildə Gürcüstan eyni taleyi yaşadı, 2014-cü ildə Ukrayna.

Və 2022-ci ildə Ukrayna daha böyük müharibə ilə üz-üzə qaldı. Kiyevi Moskvanın qarşısına çıxaran Qərb Rusiya ilə müharibəyə girməmək üçün əlindən gələni edir, hətta Ukraynanın güzəştə getməyə məcbur edilməsi gündəmdədir. Eyni tale ilə üzləşəcək Ermənistanın Ukraynalaşdırılması fikri bu kontekstdə həqiqətdir.

Qərb Cənubi Qafqazda siyasi tarazlığı yenidən dəyişmək, regionun xəritəsini yenidən çəkmək niyyətindədir: Gürcüstanda müəyyən təsir imkanlarına malik olan ABŞ və Fransanın rəhbərlik etdiyi “koalisiya” Ermənistanı tamamilə nəzarətə götürmək niyyətindədir. Ermənistanı silahlandırmaqla, Gürcüstanı isə Aİ-yə müşahidəçi status vədləri ilə oyuna daxil etməyə çalışırlar. Hədəfdə olan digər ölkə isə Moldovadır.

Göründüyü kimi, Qərb Cənubi Qafqazı geosiyasi mübarizəsində əsas cəbhələrdən birinə çevirmək niyyətindədir. Burada Orta Dəhlizə risklər yaratmaq planları da var, xüsusilə ABŞ-Çin qarşıdurması fonunda. Və bu planda Ermənistan növbəti poliqona çevriləcək.

Hər şey maraqlardan ibarətdir, sülh və “dəyərlər” adı altında sırınan nəsnələr sadəcə kamuflyaj məqsədi daşıyır. Bu, Azərbaycan üçün təəccüblü deyil. Çünki 30 illik işğal dövründə işğalçıya qarşı heç bir addım atılmadı, əskinə bu işğalı stimullaşdırdılar. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini heçə sayaraq, işğalın legitimləşdirilməsinə dəstək verdilər. Azərbaycan öz gücü ilə məsələni həll etdikdən sonra Ermənistanın poliqona çevrilməsi və qanlı müharibələr ssenarisini tətbiq etməyə çalışırlar. Ermənistan gözünün qarşısındakı Ukraynaya baxmalı və anlamalıdır ki, ona verilən vədlər maraqların təmin edilməsinə hesablanıb və yanlış siayasət, sülhdən qaçmaq, Azərbaycana qarşı təxribat cəhdinin ağır nəticələri olacaq.

Oxşar xəbərlər