Dünya / Siyasət
30-11-2023, 10:04
83
İsrail-HƏMAS arasında atəşkəs başa çatdıqda – Müharibənin gedişatı necə olacaq?
Xəbər verdiyimiz kimi, noyabrın 24-dən İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilib. Atəşkəs dönəmində israilli və fələstinli girovların azad edilməsi üçün nəzərdə tutulan vasitəçilik bir neçə gün də uzadıla bilər.
Lakin atəşkəs başa çatdıqdan sonra, müharibənin növbəti mərhələsində nələr gözlənilir?
“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, İsrail HƏMAS-ı girovlar azad ediləndən sonra da məhv edəcəyinə söz verib.
İsrail tərəfinin rəsmiləri bildiriblər ki, qrupun ən mühüm liderləri Yayha Sinvar və Məhəmməd Deif minlərlə döyüşçüsü ilə Qəzzanın cənubunda İsrailə qarşı döyüşür və onlar tezliklə tapılaraq öldürüləcək.
Bu isə Qəzza zolağının təxminən 2,2 milyon əhalisinin hazırda zolağın cənubunda sıxışdırıldığı, onlardan çoxunun evsiz və travmalı olduğu halda, daha böyük humanitar fəlakətin yaxınlaşması deməkdir.
BMT-nin Fələstinlilərə Yardım Agentliyinin (Unrwa) məlumatına görə, oktyabrın 7-dən bəri Qəzza zolağında təxminən 1,7 milyon insan didərgin düşüb. Onların çoxu cənubda, izdihamlı sığınacaqlarda yaşayır.
On minlərlə insan isə məktəblərdə, xəstəxanalarda və bəzi hallarda çadırlarda sığınır. Bu isə erkən qışda o insanların hər an baş verə biləcək sel sularında ölməsinə bərabərdir.
Bir neçə həftədir ki, İsrail rəsmiləri həll yolu haqqında danışırlar, onlar Misir sərhədinə yaxın, Aralıq dənizi sahilləri boyunca, əsasən, kənd təsərrüfatı torpaqlarından ibarət nazik zolağı – Əl-Mavasidəni təhlükəsiz ərazi adlandırırlar. Atəşkəsdən sonrakı mərhələ üçün bu zolağın insanların xilası olduğunu bildirirlər.
Lakin xəritədə də göründüyü kimi, bu ərazi evlərindən qaçaq düşən insanların yerləşməsi üçün çox kiçik və qeyri-məhsuldardır. Belə ki, İsrail tərəfindən müəyyən edilən sözügedən ərazinin eni təxminən 2,5 km (1,6 mil), ən genişi və uzunluğu 4 km (2,5 mil) qədərdir. Hətta atəşkəsdən sonra sığınacaq kimi nəzərdə tutulan bu əraziyə görə BMT də məsuliyyət daşımaq istəmir.
Qeyd edək ki, hazırda Qəzza zolağında səkkiz qaçqın düşərgəsi mövcuddur.
Xatırladaq ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən indiyə kimi Qəzzada ölənlərin sayı 16 minə çatıb. Yaralıların sayı isə 35 min nəfərdir.