
Dünya / Cəmiyyət
Dünən, 21:33
591
Nəm salfetlərin satışı qadağan edilir - SƏBƏB
Böyük Britaniya tərkibində plastik liflər olan birdəfəlik yaş salfetlərin satışını mərhələli şəkildə qadağan etmək qərarına gəlib. Yeni qaydalar həm mağazalarda, həm də onlayn satışlara şamil ediləcək.
Mütəxəssislərin sözlərinə görə, gündəlik istifadə edilən yaş salfetlərin əksəriyyətinin tərkibində plastik liflər var.
Bu liflər salfetləri daha möhkəm etsə də, onların təbiətdə uzun illər ərzində parçalanmamasına səbəb olur. İstifadə olunmuş salfetlər kanalizasiyaya atıldıqda boruların tutulmasına gətirib çıxarır, daha sonra isə çay və dənizlərə düşərək mikroplastik çirklənməsini artırır. Bundan əlavə, belə salfetlərin istehsalı zamanı xeyli miqdarda istixana qazı atmosferə buraxılır.
Qadağa hansı tarixlərdə qüvvəyə minəcək?
Qərara əsasən, plastik tərkibli yaş salfetlərin satışından ilk imtina edən bölgə Uels olacaq. Burada qadağa 18 dekabr 2026-cı il tarixindən qüvvəyə minəcək.
Daha sonra Şimali İrlandiya və İngiltərədə qadağa 2027-ci ilin may ayında, Şotlandiyada isə 2027-ci ilin avqust ayında tətbiq olunacaq.
Hansı məhsullar qadağan ediləcək?
Qadağa aşağıdakı məhsullara şamil olunacaq:
Uşaq yaş salfetləri, makiyaj təmizləyən salfetlər, yaş tualet kağızı, antibakterial əl salfetləri, şəxsi gigiyena üçün istifadə olunan salfetlər, ev təmizliyi üçün nəzərdə tutulan yaş salfetlər.
Hansı salfetlər satışda qalacaq?
Tərkibində plastik olmayan yaş salfetlərin, eləcə də təkrar istifadə edilə bilən alternativlərin satışı davam edəcək. Tibbi məqsədlər üçün istifadə olunan bəzi salfetlər də müəyyən şərtlərlə aptek və xəstəxanalarda satışda qalacaq.
Bioloji parçalana bilən salfetləri də unitaza atmaq olmaz
Ekspertlər xəbərdarlıq edirlər ki, "plastiksiz" və ya "bioloji parçalana bilən" kimi təqdim olunan yaş salfetləri də unitaza atmaq düzgün deyil. Bu məhsullar kanalizasiya sistemində kifayət qədər tez parçalanmır və bəziləri mikro liflər buraxaraq ətraf mühitə mənfi təsir göstərir.
Mütəxəssislər istifadə olunmuş bütün yaş salfetlərin tərkibindən asılı olmayaraq adi məişət tullantıları ilə birlikdə zibil qutusuna atılmasını tövsiyə edirlər.
Alimlər özünü məhv edən plastik də hazırlayıblar
Bu arada alimlər yeni növ plastik material da hazırlayıblar. Materialın tərkibinə xüsusi bakteriya sporları və plastiki parçalaya bilən fermentlər yerləşdirilib. Lazımi şərait yaradıldıqda bu plastik cəmi altı gün ərzində tam parçalanır və mikroplastik əmələ gətirmir.




