
Cəmiyyət
10-10-2025, 11:45
92
Görkəmli alim Aida İmanquliyevanın doğum günüdür
Oktyabrın 10-u dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli alim, professor, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi Aida İmanquliyevanın doğum günüdür.
Aida Nəsir qızı İmanquliyeva 1939-cu ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi, Azərbaycan mətbuatının bünövrəsini qoyanlardan biri olmuş, "Bakı" və "Baku" qəzetinin baş redaktoru Nasir İmanquliyevin qızıdır.

1989-cu ildə Aida İmanquliyeva Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edib və çox keçmədən bu ixtisas üzrə professor adı alıb.
Üç fundamental monoqrafiyanın ("Mixail Nüaymə və "Qələmlər birliyi", "Cübran Xəlil Cübran", "Yeni ərəb ədəbiyyatı korifeyləri") və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva, həmçinin Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru idi. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən "Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları" ixtisası üzrə müdafiə şurasının sədri olub. Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.

Ümumittifaq Şərqşünaslar Cəmiyyətinin Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub. Eləcə də, Moskva, Bakı, Düşənbə, Hamburq, Kiyev, Sankt-Peterburq, Poltava, Tbilisi və digər şəhərlərdə keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edib.
O, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1987-ci ildə filologiya elmləri doktoru olub.
Aida İmanquliyeva Arif Paşayevlə ailə həyatı qurub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın anasıdır.
Görkəmli professor 19 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat edib.

