
Dünya / Siyasət
13-09-2025, 10:09
69
Bakı və Vaşinqton qərarlıdır: Bölgəmiz üçün yeni fürsətlər
Dünyanın supergücü olan ABŞ ilə qarşılıqlı maraqlara və bərabərhüquqlu hörmətə əsaslanan ikitərəfli əlaqələrdə yeni səhifənin açılması həm bölgəmiz, həm də ölkəmiz üçün yeni fürsətlər vəd edir. Qarşıya qoyulan hədəflərə çatmaq, ən əsası, milli maraqlarımızın müdafiəsi siyasəti uğurla həyata keçirilir.
Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə avqustun 8-də Vaşinqtona səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni səhifənin açılmasına imkan yaratdı. Bakı ilə qarşılıqlı əməkdaşlıqla bağlı imzalanan razılaşmalar, gələcək effektli münasibətlər sisteminin formalaşdırılması üçün intensiv müzakirələr, 907-ci düzəlişin ləğvi Ağ Evin Cənubi Qafqazda Azərbaycanın lider mövqeyini qəbul etdiyini göstərir. Vaşinqtonda imzalanan sənədlərin gələcəyinə skeptik yanaşanların olmasına baxmayaraq, son günlərdə yaşanan proseslər bunun əksini isbatlayır.
İlham Əliyevə xüsusi hörmətin bariz nümunəsi
Öncə ondan başlayaq ki, Prezident İlham Əliyevin Vaşinqton səfəri ilə bağlı Nazirlər Kabinetinin ardından Milli Məclisdə də xüsusi dinləmələr keçirilib. Deputatlar dövlət başçısının apardığı uğurlu və uzaqgörən siyasət nəticəsində iki ölkə arasında münasibətlərin indiki qədər yüksək səviyyədə olmadığı qənaətini ortaya qoyublar.

İntensiv dialoqun şahidi oluruq
Son günlərdə iki ölkə arasında rəsmi səviyyədə də intensiv dialoqun şahidi oluruq. Sentyabrın 8-də ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri Azərbaycana səfər edib. Aparılan müzakirələrdə Vaşinqton razılaşmalarının regional sülh və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb. Bu xüsusda ölkənin qərb bölgələri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək layihənin əhəmiyyəti diqqətə çatdırılıb. “ABŞ şirkətləri Zəngəzur dəhlizi ilə bağlı layihələrdə iştirak etmək, tenderlərdə öz təkliflərini vermək imkanını məmnuniyyətlə qarşılayacaqlar”, - deyə ABŞ İnkişaf Maliyyələşdirmə Korporasiyasının (DFC) icraçı direktoru Kennet Angell ölkəsinin Cənubi Qafqazda prioritetini bir daha ortaya qoyub.

907-ci düzəlişin ləğvinin vacibliyi
Maraqlı cəhət budur ki, dövlətlərarası münasibətlərin gələcəyinə fokuslanan məlum səfərlər biristiqamətli deyil. ABŞ nümayəndələrinin Bakı səfəri ilə yanaşı, Azərbaycan nümayəndə heyəti də eyni anda sözügedən istiqamətdə Vaşinqtonda mühüm görüşlər keçirir, danışıqlar aparır. Tramp-Əliyev görüşündə əldə olunan razılaşmaların irəlilədilməsi üçün ABŞ-nin digər institutsional qurumları ilə intensiv dialoq təşkil edilir.

Bölgəmiz üçün yeni fürsətlər
Göründüyü kimi, Prezident İlham Əliyevin tarixi qələbəmizdən sonra beynəlxalq səviyyədə yürütdüyü real siyasət, milli maraqların müdafiəsinin ön planda tutulması Bakının artan rolunun və nüfuzunun əsasını təşkil edir. Dünyanın super gücü ilə qarşılıqlı maraqlara və bərabərhüquqlu hörmətə əsaslanan ikitərəfli əlaqələrdə yeni səhifənin açılması isə həm bölgəmiz, həm də ölkəmiz üçün yeni fürsətlər vəd edir. Məhz bu əməkdaşlıq sayəsində Cənubi Qafqazda sülh və sabitliyin, iqtisadi inteqrasiyanın, kommunikasiya əlaqələrinin bərpasına mane olmaq istəyən qüvvələrin planları neytrallaşdırılır. Qarşıya qoyulan hədəflərə çatmaq, ən əsası, milli maraqlarımızın müdafiəsi siyasəti uğurla həyata keçirilir.
Zəngəzur dəhlizi üçün 145 milyon dollar
Yeri gəlmişkən, ABŞ Zəngəzur dəhlizi (Tramp marşrutu) layihəsinin həyata keçirilməsi üçün Ermənistana 145 milyon dollar yardım ayırmaq niyyətindədir. Bunu ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brendan Henrehen İrəvanda Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla görüşündə deyib.
"Konqreslə əməkdaşlıq çərçivəsində biz Ermənistana 145 milyon dollar verməyi planlaşdırırıq. Bu, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu təşəbbüsü və avqustun 8-də əldə olunmuş müvafiq razılaşmalar çərçivəsində maliyyənin ilk tranşıdır", - Henrehen bildirib. (“Kaspi” qəzeti)



