
Dünya
Bu gün, 11:34
591
Süni intellektə maraq artır: Yaponiya və ABŞ elmi tədqiqata bir milyard dollar ayırırlar
Amerika Birləşmiş Ştatları və Yaponiya elmi tədqiqatlar sektorunda süni intellektin təkmilləşdirilməsi üçün müştərək sərmayə yatırılması ilə bağlı razılıq əldə ediblər. Bu istiqamətdə qarşıdakı beş il müddətində bir milyard dollar vəsait xərclənəcək.
Bu barədə mətbuat nümayəndələrinə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara danışıb.
Bu təşəbbüs elmi sferada süni intellektin inkişafına yönəlmiş ABŞ və Yaponiya proqramlarının inteqrasiyasını hədəfləyən strateji tərəfdaşlığı özündə ehtiva edir.
"Bu əməkdaşlıq çərçivəsində beynəlxalq səviyyəli irimiqyaslı müştərək araşdırmalara, xüsusilə süni intellekt kimi qabaqcıl texnologiya və elm sahələrinə beş il ərzində ümumilikdə bir milyard dollar dəyərində strateji investisiyanın yönəldilməsi, eləcə də hesablama resursları bazasının möhkəmləndirilməsi planlaşdırılır", - deyə baş katib bildirib.
Kihara, həmçinin vurğulayıb ki, yaradılan tərəfdaşlıq müştərək araşdırmalar zamanı tərəflərin hesablama potensialından qarşılıqlı şəkildə yararlanmasını da təmin edəcək. Yaponiya hökumətinin rəsmisi bu razılaşmanın ABŞ və Yaponiya arasında biotexnologiyalar, kvant informasiya elmləri, mühüm materiallar və termonüvə sintezi texnologiyaları da daxil olmaqla, mütərəqqi elm və texnologiya sferalarında əlaqələrin daha da genişləndirilməsinə və möhkəmlənməsinə təkan verəcəyinə inandığını ifadə edib.

