
Dünya
21-03-2026, 13:36
30
Bir günlük dayanan ada: Balidə Sükut Günü
Dünyanın bir çox yerində yeni il atəşfəşanlıq və səs-küylə qarşılandığı halda, İndoneziyanın turistik Bali adasında yeni il tam əksinə - sükut, qaranlıq və daxili hüzurla başlayır. "Nyepi" olaraq bilinən Bali yeni ilində ada 24 saat ərzində sanki donur.
Səssizlik 19 Mart saat 06:00-dan 20 Mart saat 06:00-a qədər davam edir.
Dörd əsas qadağa
Nyepi günü "Catur Brata Penyepian" adı verilən dörd təməl qayda tətbiq olunur:
- Evdən çıxmamaq
- Od və işıq yandırmaq olmaz
- İşləmək qadağandır
- Əyləncə fəaliyyətlərindən uzaq durmaq
Nyepi günü Bali dünyadan təcrid olunur:
Hava limanı və limanlar: Ngurah Rai Beynəlxalq Hava Limanı da daxil olmaqla bütün nəqliyyat qovşaqları bağlanır.
Küçələr: Yalnız təcili tibbi yardım maşınlarına icazə verilir. "Pecalang" adlanan ənənəvi təhlükəsizlik işçiləri qaydalara əməl olunmasına nəzarət edir.
Rabitə: İnternet və telekommunikasiya xidmətləri məhdudlaşdırıla bilər. Turistlərə əvvəlcədən ailələrinə xəbər vermək tövsiyə olunur.
Sükutdan əvvəlki səs-küy: Ogoh-Ogoh
Sükut günündən bir gün əvvəl ("Pengerupukan") adada böyük canlanma yaşanır. Gənclər tərəfindən hazırlanan "Ogoh-Ogoh" adlı nəhəng canavar fiqurları musiqi və rəqs müşayiəti ilə küçələrdə gəzdirilir. Bu ritual şər enerjiləri adadan qovmağı simvolizə edir.
Nyepi gecəsi bütün işıqların söndürülməsi adada qeyri-adi bir mənzərə yaradır. İşıq çirklənməsi olmadığı üçün Süd Yolu (Samanyolu) və ulduzlar adi gözlə möhtəşəm dəqiqliklə görünür. Bu, astrofotoqraflar və ulduz həvəskarları üçün ilin ən bənzərsiz anıdır.




